Azərbaycan Prezidenti: Bir çox hallarda sahibkarlar passivlik göstərirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa tənbəllik edirlər

Azərbaycan Prezidenti: Bir çox hallarda sahibkarlar passivlik göstərirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa tənbəllik edirlər Bir çox hallarda sahibkarlar passivlik göstərirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa tənbəllik edirlər.
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib: "Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz. İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir. Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir. Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır".
İlham Əliyev bildirib ki, son illərdə pambıqçılıqla bağlı görülən işlər bu sahənin bərpasına, dirçəlməsinə gətirib çıxarıb: "Bir neçə dəfə zona müşavirələri keçirilmişdir və burada əsas məsələ işsizliyin aradan qaldırılmasıdır. Pambıqçılıqda 200 minə yaxın insan, yəni, bu günə qədər işsiz olan insan işlə təmin edilib. Biz satınalma qiymətini artıraraq tarlalarda işləyənlərin rifah halını yaxşılaşdırırıq. Əlbəttə ki, əgər pambıqçılığa belə güclü təkan verilməsəydi, Mingəçevir Yüngül Sənaye Parkının yaradılmasına da ehtiyac qalmayacaqdı. Çünki indi xaricdən pambıq alıb burada emal etmək heç bir iqtisadi səmərəyə uyğun gəlmir. Ona görə, pambıqçılığın inkişafı, ilk növbədə, sosial məsələdir, sosial təşəbbüsdür və tədarükçü şirkətlər, fermerlər, yerli icra orqanlarının nümayəndələri bunu bilsinlər ki, pambıqçılıq həm də yerli istehsala təkan verir, ixracı artırır. Biz keçən il 207 min ton pambıq tədarük etmişik, 2015-ci ildə isə cəmi 35 min ton. Mən sonuncu müşavirədə də demişəm, pambıqçılıq bundan sonra da ancaq məhsuldarlığın artırılması hesabına inkişaf etməlidir.
Son vaxtlar bizim tövsiyəmizi nəzərə alaraq, sahibkarlar zeytunçuluğa böyük diqqət göstərirlər, yeni bağlar salınır və dövlət kömək göstərir, su xətləri çəkir. Bu da çox gözəl ixracyönümlü məhsulumuz olacaq. Dünya bazarlarında zeytun yağına çox böyük tələbat var. Dünyada cəmi bir neçə ölkə bu yağı istehsal edir. Azərbaycan da onların arasında yer tutmalıdır, həm daxili bazarı təmin etməlidir, həm ixrac etməlidir.
Meyvə bağları genişlənir. Çayçılıq, çəltikçilik, fındıqçılıq, baramaçılıq, sitrus meyvəçiliyi, tütünçülük və digər sahələri inkişaf etdirmək üçün bir neçə müşavirə keçirilmişdir. Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm vətəndaşlar bilsinlər ki, görülən işlər necə səmərə verir. Tütünçülük. 2015-ci ildə cəmi 1300 hektarda tütün əkilmişdisə, 2018-ci ildə bu, 3300 hektara çatacaq. Tütünü biz indi ixrac edirik. Bu, ixracyönümlü məhsuldur. Fermerlər yaxşı pul qazanırlar. İndi dövlət qurutma kameraları alır. Azərbaycanda tikilməkdə olan siqaret fabriki də bu tütünü alacaq, siqaret hazırlayacaq və ixrac edəcək, idxaldan asılılığı azaldacaq. Barama istehsalı. 2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı. Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir. Çünki kümçülər indi az müddətdə - 30-40 gün ərzində böyük vəsait qazanırlar və Şəki ipək kombinatında yüzlərlə insan işlə təmin edilir. Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və xammal da kifayət qədər olacaq. Yüzlərlə insan Şəkidə işlə təmin edilir və bir çox rayonlarda pul qazanır".
Azərbaycan Prezidenti əlavə edib: "Bildiyiniz kimi, fındıqçılıq bizim üçün ənənəvi sahədir və pomidor ixracından sonra kənd təsərrüfatında ikinci valyuta gətirən sektordur. Biz burada da çox ciddi işlər apardıq. Bu işlərə 2015-ci ildən başladıq, 2016-cı ildə fındıq bağlarının sahəsi 40 min hektara çatdırıldı. Bu il isə fındıq bağlarının sahəsi 67 min hektara çatacaq. Yəni, görün, biz fındıq bağlarının sahəsini nə qədər artırmışıq. Bu, fermerlər üçün çox böyük gəlir mənbəyi olacaq, ölkəmizə də valyuta gətirəcək. Ancaq bu da son hədd deyil. Mənim vaxtilə müəyyən etdiyim rəqəmə əminəm ki, biz gələn il çatacağıq. Çünki bu il və gələn il 16 min hektarda yeni fındıq bağları salınacaq. Beləliklə, Azərbaycanda 80 min hektardan çox sahədə fındıq yetişdiriləcək və fındıq istehsalına görə biz dünyanın üçlüyünə daxil ola bilərik.
Bütün bu işlər verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, sahibkarlara həm dəstək vermək, həm də yol göstərmək lazımdır. Bir çox hallarda onlar passivlik göstərirlər, təşəbbüs göstərmirlər, hətta yetişdirdikləri məhsulu xaricə aparmağa belə tənbəllik edirlər. Gözləyirlər ki, kimsə gəlib onların qapısını döyəcək, onların məhsulunu alacaq. Onlar özləri getməlidirlər, bazarları axtarmalıdırlar, kontraktlar imzalamalıdırlar, təmaslar qurmalıdırlar. Biz hətta xarici ölkələrin televiziyalarında kənd təsərrüfatı məhsullarının reklamını da dövlət hesabına edirik. Onu da etmirlər. Yaxşı, indi bir az hərəkətə gəlsinlər. Dövlət bu qədər səy göstərir, dəstək verir, vəsait ayırır, siyasi dəstək göstərir. Ona görə biz əgər bu işlərə başlamasaydıq, indi heç biri olmayacaqdı, bax, 2,8 milyard dollar, 2,3 milyard manat qoyulmayacaqdı, kənd təsərrüfatı istehsalı bu qədər artmayacaqdı, bu qədər iş yerləri yaradılmayacaqdı, yalnız pambıqçılıqda 200 min insan işlə təmin olunmayacaqdı. Bizim qəbul etdiyimiz qərarların real nəticələri bunlardır".

Tehsil-press.az

Oxşar xəbərlər