Fransalı ekspert: UFAZ-a qəbul imtahanı uğurla keçirilib

Fransalı ekspert: UFAZ-a qəbul imtahanı uğurla keçirilib UFAZ-a qəbul imtahanı olduqca professional və uğurla keçirilib.
Bu barədə açıqlamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) elm üzrə eksperti Pierre Collet verib. Tələbələrin rahat və maneəsiz şəkildə imtahan vermələri üçün hər cür şəraitin yaradıldığını qeyd edən ekspert imtahanın gedişatından və təşkilindən olduqca razı qaldığını vurğulayıb: “Bütün suallar və imtahan prosesi fransız müəllimlər tərəfindən yoxlanılır. Burada imtahanlar da Strasburq Universitetinin proqramına uyğun şəkildə aparılır”.
Təhsil Nazirliyinin UFAZ-a dəstək göstərdiyini deyən Pierre Collet, eyni zamanda, ADNSU-nun onların istəklərini daim diqqətdə saxladığını bildirib. “Bu imtahan standart imtahanlar şəklində aparılmadığı üçün qəbul olunan tələbələr də UFAZ-ın istədiyi kimi həm savadlı, həm də istedadlıdırlar”, - deyə o qeyd edib.
UFAZ-a qəbul olunan tələbələrin yüksək savad və dünyagörüşünə malik olduğunu vurğulayan ekspert bu cür tələbələrin onları seçməsindən böyük məmnunluq duyduğunu qeyd edib.
Pierre Collet Azərbaycanda təhsil almaq üçün ən yaxşıların seçildiyini söyləyərək bunun ölkənin təhsilə verdiyi önəmin bariz nümunəsi olduğunu vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər