ADPU-da Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib

ADPU-da Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il may ayının 17-də Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.
Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır. Sərəncamda Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilmələri öz əksini tapıb.
Oktyabrın 19-da ölkə Prezidentinin bu Sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib. Qeyd edək ki, tədbirdə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin, həmçinin Tarix və coğrafiya fakültəsinin tələbələri də yaxından iştirak ediblər.
Tədbirdə çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev bildirib ki, ADPU-da qüdrətli söz ustadı, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin həyat və fəaliyyəti ilə bağlı bu tədbirin keçirilməsi təqdirəlayiqdir. Mikayıl Müşfiq yüksək istedada, özünəməxsus yaradıcılıq üslubuna malik görkəmli şairdir. Xalqımızın böyük şəxsiyyətlərinin, ictimai-siyasi xadimlərinin, şair və yazıçılarının həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi tələbə-gənclər üçün mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Professor F.Rzayev tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və onlara uğurlar arzulayıb.
Tədbirdə tələbələr “Yenə o bağ olaydı” adlı bədii-musiqili kompozisiya təqdim ediblər. Maraqlı, səmimi və təsirli kompozisiyada şairin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib, şeirləri, şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, həyatından bəzi məqamlar tələbələrin ifasında canlandırılıb. Tədbir iştirakçıların böyük marağına səbəb olub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib

ADPU-da Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş “Yenə o bağ olaydı” adlı tədbir keçirilib

Oxşar xəbərlər