Aprel döyüşlərinin iştirakçısı: Yaralı idim, ancaq düşməni məhv etdim

Aprel döyüşlərinin iştirakçısı: Yaralı idim, ancaq düşməni məhv etdim Bu gün Azərbaycan Ordusunun aprel qələbələrindən 3 il ötür. Ermənistan silahlı qüvvələri ilə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Azərbaycan Ordusunun həmin döyüşlərin iştirakçısı olan əsgəri 1992-cil təvəllüdlü Emin Məhərrəmli xatirələrini Trend-ə bölüşüb.
Hərbçi deyir ki, aprel ayının 2-si gecə saatlarında həyəcan siqnalı ilə piyadaların döyüş maşınında (PDM) Lələtəpə istiqamətinə yola düşüblər:
“O vaxt polkovnik (indiki general-mayor) Mais Bərxudarov minaya düşən PDM-in qapısını açaraq məni və əsgər yoldaşlarımı texnikadan düşürərək özü ilə döyüşə apardı. Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Lələtəpəyə çatdıqda ətrafımız geri çəkilən erməni əsgərlərinin silah-sursatları ilə dolu idi. Onlar qorxularından şəxsi əşyalarını atıb getmişdilər. Əsgər vaxtı snayperçi idim, həm atıcı, həm də müşahidəçi olmuşam. Mənə qarşı tərəfi müşahidə etmək tapşırıldı və dərhal düşmənin iki texnikasını aşkar edərək komandirimə bildirdim”.
Döyüşçünün sözlərinə görə, o, düşmənin iki snayperçisini də məhv edib, sonra isə yaralı olduğu üçün huşunu itirərək yerə yıxılıb:
“Yanımda iki minaatıcımız məlumat verdi ki, qarşı tərəfdə iki snayperçi var və onları zərərsizləşdirmək lazımdır. Dərhal müşahidə apararaq onlardan birini tapdım və məhv etdim, digər snayperçini müşahidə edən zaman isə qarşı tərəfdən güllə yarası aldım və huşumu itirdim. Özümə gəldikdən sonra digər snayperçini də taparaq zərərsizləşdirdim. İkinci dəfə huşumu itirməyim çoxlu qan itirdiyimə görə oldu. Əsgər yoldaşım məni atışma olan ərazidən çıxararaq hərbi avtomobilə mindirdi. O məni xilas edərkən ayaq sümüyü ombasından çıxsa da, məni lazım olan yerə çatdıra bildi”.
Əsgər əlavə edib ki, aprel döyüşləri ilə Azərbaycan Ordusu düşmənə sübut etdi ki, yenidən səngərlərdən döyüşə başlamağa, vuruşmağa və qələbə qazanmağa qadirdir.

Tehsil-press.az



Oxşar xəbərlər