“Qarabağın hər kəndində bayrağımız dalğalanacaq” - Mehriban Əliyeva

“Qarabağın hər kəndində bayrağımız dalğalanacaq” - Mehriban Əliyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb, onlarla səmimi söhbət edib.
Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayaraq deyib:
“Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var.
Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.
Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Siz müraciət edirsiniz, bilirəm ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm. Sağ olun”.

Tehsil-press.az



Oxşar xəbərlər