Oxumayıb uğurlu olmaq

Oxumayıb uğurlu olmaq Piter Til: “Ali təhsilin əhəmiyyəti çox şişirdilib”
Dünyada onlarla peşə adı çəkmək olar ki, təhsil tələb etmir. Artıq bir sıra iri korporasiyalar əməkdaşlarını işə götürərkən təhsil haqqında sənədə ehtiyac görmürlər. Prinsip budur: göstər görüm nə bacarırsan. Hər halda maraqlı tendensiyadır, ancaq böyük uğurlara imza atmış iş və elm adamları da var ki, gənc nəslə oxumamağı tövsiyə edirlər. Bəziləri birbaşa “oxumayın” demirlər. Hesab edirlər ki, təhsil insan üçün vaxt itkisidir. Ali məktəbdə oxumaqdansa, ixtira və startaplara vaxt sərf etmək daha məsləhətlidir.
Oxumayın, əl çəkim!
Piter Til. Dövrümüzün ən uğurlu şəxslərindən biri, böyük biznesmen, gənc nəslin pərəstiş mənbəyi. 1967-ci ildə Frankfurtda anadan olsa da, kapitala Amerikada sahib olub. “Silikon vadisi”nin ulduzlarından biri hesab edilir. Alman mənşəli amerikalı iş adamı P.Til Maks Levinlə birgə “PayPal” ödəmə sisteminin əsasını qoyub, 2000-2010-cu illərdə “Clarium Capital” hedce-fondunun prezidenti vəzifəsini icra edib. 250 milyon dollarlıq vençur kapitalı olan “Founders Fund”un icraçı həmkarı, “Mithril Capital Management” investisiya komitəsinin təsisçisi və sədri, “Facebook”un ilk xarici investoru, “Y Combinator” startap-inqubatorun şəriki, “Palantir” şirkətinin yaradıcısıdır. Bəli, söhbət P.Tildən gedir. Ancaq səbəb nədir? Qayıdaq yazımızın əvvəlinə: gənc nəslə oxumamağı məsləhət görən məşhurlardan biri də məhz P.Tildir. 2010-cu ildən etibarən il ərzində 30 tələbənin hər birinə 100 min dollar pul verir ki, oxumayıb öz startaplarını inkişaf etdirsinlər.
Til deyir:
Aparıcı universitetlərin işi istedadlı insanları seçməkdən ibarətdir. Halbuki bu adamlar ali məktəbə daxil olmasalar da, məşhur olacaqdılar. Bəlkə ali məktəblər onlara lazım olacaq təhsil verirlər? Təəssüf ki, heç kim bu problemi dərindən araşdırmır. Ali təhsil prosesində xeyli qeyri-adiliklər var”. “PayPal”ın yaradıcısı şirkətləri maksimum şəkildə təhsili olmayan şəxsləri işə götürməyə çağırır. Gənclərə isə məsləhət verir: məktəbi qurtararkən yaxşı-yaxşı düşünün, ali məktəbə daxil olmağa dəyərmi?
“Hesab edirəm ki, ali təhsil sabun köpüyüdür, özü də klassik köpük. Ali təhsilin əhəmiyyəti çox şişirdilib. Əgər biz onun dəyərini ciddi şəkildə hesablamış olsaq, görəcəyik ki, real qiymətindən artığını ödəyirik. Ancaq hamı nədənsə ona inanır” - deyən Til hesab edir ki, məktəbi bitirən şəxs özünə belə bir sual verməlidir: ali təhsilin teologiyası nədən ibarətdir? Onun məqsədi nədir və bizi hara aparır?
P.Tilin fikrincə, insan üçün daşınmaz əmlaka kapital yatırımı, yaxud ipoteka nədirsə, ali təhsil də odur. Əmlak üçün necə kredit götürülürsə, ali təhsil üçün də eynilə borc sahibinə çevrilirsən: “Problem budur ki, əgər siz kreditlə daşınmaz əmlaka sahib olmusunuzsa, çətin anda onu sata və ya qaytara bilərsiniz. Ali təhsillə vəziyyət fərqli və mürəkkəbdir. Krediti necə qaytaracaqsınız? Ona görə də təhsil üçün götürülən kredit əksər hallarda iflasla nəticələnir”. İş adamının qənaətinə görə, universitetlər özlərini reklam etməklə gəncləri maliyyə itkisinə sürükləyirlər. Daşınmaz əmlak satan dəllallar kimi ali məktəblər də gəncləri “gələcəyə yatırım etməyə” sövq edirlər: “Əslində isə bir çox hallarda ali təhsil boş vaxt itkisidir. Sadəcə dörd il davam edən əyləncə gecələri”.
Yanlış investisiya qoyuluşu
P.Tilin hesablamalarına görə, Amerika universitetlərinin 80%-i təhsilə edilən yatırımdan lazımi şəkildə yararlana bilmir. Hətta ən nüfuzlu ali təhsil ocağı belə sual qarşısında qala bilər: onların uğurlu tələbələri ali təhsil ocağına daxil olmasaydı, başqa sferalarda nailiyyətə imza ata bilərdilərmi? “2008-ci ildən başlayan maliyyə tənəzzülü təəssüf ki, davam edir. Valideynlər uşaqlarının təhsilinə külli miqdarda vəsait yatırırlar. Övladları isə ali məktəbi qurtarıb yenidən valideynlərinin yanına dönürlər. Bu, heç də valideynlərin xəyal qurduqları mənzərə deyil” - deyə Til bildirir.
“Til Fondu” tərəfindən maliyyələşdirilən “Thiel Fellowship” proqramı gənc iş adamları və alimlərə kömək məqsədilə yaradılıb. Başlıca amal budur: borca girməmək. Proqram elə gəncləri axtarır ki, onlar universiteti bitirmədən də uğurlu iş adamları ola bilərlər. Belələri tapılır və onlara maliyyə yardımı edilir ki, öz işlərini qura bilsinlər. Til hesab edir ki, bu proqram “oxumağa dəyərmi” məzmunlu problemin daha geniş şəkildə diskussiya obyektinə çevrilməsinə kömək edir. “Biz bu yolla göstərmək istəyirik ki, çox ağıllı adamlar üçün ali təhsil lazım deyil. Qoy cəmiyyət onların təhsil naminə iri kreditlər götürüb borclanmasını gözləməsin. Risk etmək inkişaf üçün olduqca vacib amildir”, - deyə iş adamı bildirir. P.Tilin sözlərinə görə, istənilən kredit əməliyyatı yaxşı gələcəyə hesablanıb: “Məsələn, mən bu gün yeyilən hamburgerin pulunu sənə gələn həftə ödəyəcəm. Yaxud ipoteka ilə aldığım evin dəyərini düz 30 il ödəyəcəm. Bu prosesdə mən nəyəsə sahib oluram, qarşı tərəf isə özünün gələcək gözləntilərindən irəli gələrək mənə borc verir. Gələcək isə heç də həmişə gözlənildiyi kimi olmur”.
Kredit böhranı ilə bağlı cəmiyyətdə müxtəlif qənaətlər var. Siyasi yöndən baxsaq, problemi təqribən bu şəkildə təsvir edə bilərik: sollar deyirlər ki, əsas günah kredit verənlərdədir. Onlar daha çox qazanmaq üçün insanları daha qəddarlıqla soyurlar. Sağlar isə bu düşüncədədirlər ki, insanlar kredit götürdükcə daha da şirnikləşir və böyük borcların altına girirlər. P.Tilin tam fərqli yanaşması var: “Günah nə borc verəndədir, nə də alanda. Problem texnoloji gerilikdədir. 1995-ci ildə biz gözləyirdik ki, ABŞ 2010-cu ildə daha varlı olacaq. Ancaq inkişaf etmiş ölkədə gələcək var-dövlət birbaşa olaraq texnologiyalardan asılıdır. Texnoloji proses gözlənildiyindən ləng irəlilədikdə kreditləşmənin böhranı baş verir. Texnoloji inkişafın templəri bizi gələcək barədə şişirdilmiş ehtimallara sürükləyir, proses isə əslində, çox zəif gedir. Nəticədə köpük partlayır”.
Nəyə görə stimullaşdırıcı investisiyalar infrastruktura deyil, təhsil kreditlərinin subsidiyalaşmasına yönəlir? Əsas arqument budur ki, biz insan kapitalı vasitəsilə daha çoxuna nail ola bilərik, nəinki infrastruktura yatırmaqla. “Universitetlər sanki parazitlərə çevriliblər: insanlara servis göstərməklə pul qazanmaq. Bu yolla onlar iri vəsaitlər üzərində nəzarəti ələ keçiriblər”, - deyə Til təəccüblənir. Onun fikrincə, təhsil iqtisadiyyatının vacib bir amili var: dövlət sektorunda əməkhaqqı diplomla və ya elmi dərəcə ilə müəyyən edilir. Bu halda sual yaranır: həqiqətənmi müəllim olmaq üçün müəllimliyi oxumaq lazımdır? “Məncə dövlət qulluqçularına yanaşma dəyişməlidir. Biz onlara əməkhaqqını təhsil və diplomlarına görə deyil, peşəkar keyfiyyətləri və nailiyyətlərinə əsasən verməliyik. Bu, həm də iri korporasiyalar üçün bir nümunə olar. Axı onlar da əksər hallarda dövlət bürokratiyası modeli ilə işləyirlər”, - deyə iş adamı düşünür.
P.Til Stenfordda hüquq fakültəsində təhsil alıb. Ali təhsil almasından peşman deyil, ancaq daim belə bir sual qarşısında qalır: təhsil üçün vaxt itkisinə getməyə dəyərmi: “Mən ali təhsilimi 24 yaşında bitirdim. Mənim təhsil aldığım illərdən bu vaxta qədər təhsil haqqı çox bahalaşıb. Əgər mən indi oxumalı olsaydım, təbii ki düşünərdim: buna dəyərmi? Təhsil bu gün gələcək haqqında düşüncələrin bir müddətlik unudulması vasitəsidir. Sabah barədə düşünmək və hərəkət etmək əvəzinə sən universitetə gedir və düşüncələrini müvəqqəti olaraq unudursan”.
Gözləməyin. Edin!
P.Til olduqca uğurlu iş adamı olsa da, kifayət qədər ziddiyyətli reputasiyaya malikdir. Məsələn, demokratiyanı inkar edir. Əsasını qoyduğu “Palantir” şirkətinin əsas missiyası ABŞ xüsusi xidmət orqanlarının sifarişi ilə insanlara dair bütün özəl məlumatları toplamaqdır. Til həmişə siyasətdən kənar olduğunu deyir, ancaq ABŞ-ın 45-ci prezidenti Donald Trampı aktiv müdafiə edənlərdən biridir. Xristian və ailə dəyərlərinin qatı müdafiəçisidir. Tələbələr qarşısında mütəmadi mühazirələr oxuyur, ancaq təhsili mənasız vaxt itkisi hesab edərək gəncləri oxumamağa çağırır. Olduqca sərt iş adamı və investor olsa da, “ağılsız” layihələrə pul xərcləyir. Əsas fəaliyyət və mövcudluq şüarı budur: Gözləməyin. Edin!
Til Tolkiyenin kitablarının pərəstişkarıdır. Təsadüfi deyil ki, yaratdığı şirkətlərin adlarını məhz yazıçının əsərlərindən götürüb: “Palantir” (görən daşlar), “Valar Ventures” (valar - tanrıyabənzər məxluqlar), “Mithril Capital” (mifril - mifik qiymətli daş). Söhbət kitablardan düşmüşkən, P.Tilin oxumaq üçün məsləhət gördüyü bir neçəsini qeyd etmək olar:
- Nassim Taleb “Qara qu quşu”;
- Frensis Bekon “Yeni Atlantida”;
- Tom Vulf “Lazımi əşya”;
- Nil Stivenson “Almaz əsri”;
- Ceyms Devidson “Suveren şəxsiyyət”.
P.Til aktiv şəkildə gələcəklə maraqlanır. Bu, onun üçün prioritet mövzudur. Əsas marağı isə ölümsüzlük problemidir. Onun fikrincə, artıq indi min il yaşaya biləcək insanlar mövcuddur. Bu inancla o, Obri Di Qreyin fantastik araşdırmalarını maliyyələşdirir. Bir tərəfdən xristian dəyərlərinin müdafiəçisi, digər tərəfdən isə insanın min il yaşaya biləcəyini sübut etmək üçün xərclənən pullar. Ziddiyyətli deyilmi? Til bu suala belə cavab verir: “Belə alimlər qeyri-adi düşünür və insanı optimizmə kökləyir. Bu isə həmin istiqamətdə araşdırmaların aparılması üçün ən yaxşı stimuldur”. Til hesab edir ki, əksəriyyət gələcəyin başqalarının işi olduğunu düşünür. Ancaq gələcəyi barədə düşünməyən cəmiyyət məhvə məhkumdur.
P.Til uğurlu iş adamıdır. Təsadüfi deyil ki, onu “Silikon vadisinin əfsanəsi” hesab edirlər. Paradoksal səslənsə də, oxumağı vaxt itkisi sayır və işlə məşğul olmağı məsləhət görür. Düşünür ki, universitetə gedib gəlməkdənsə, bir işin “qulpundan yapışmaq” daha məsləhətlidir. Ola bilər. Ancaq oxuyub uğur qazanacağı halda oxumayıb yoxsul həyat keçirən milyonlar onun fokusundan kənarda qalır. Olduqca ziddiyyətli şəxsdir. Ancaq buna baxmayaraq, ən azı bu sözlərinə görə diqqətə layiqdir: “Əgər hamı bəri başdan hesab edirsə ki, başlanacaq iş uğurlu olacaq, onun uğurlu olması mümkünsüzdür”. Və: “Uğur - yaxşı görülmüş işdən doğan əhvali-ruhiyyədir”.

Rüstəm QARAXANLI

Oxşar xəbərlər