Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? - RƏSMİ CAVAB

Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? - RƏSMİ CAVAB Azərbaycana xarici ölkələrdən qarpız idxal edilməsi və bazarlarda satılması ilə bağlı iddiaların əsası yoxdur.
Bunu Tehsil-press.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, ayrı-ayrı sahibkarlar bu ilin ilk beş ayı ərzində ölkəyə ümumilikdə 246 ton qovun və papaya idxal ediblər: "Qarpız idxalı qeyri-mövsümi dövrdə, qış aylarında, havaların soyuq olduğu aylarda həyata keçirilib. İyun və iyul aylarında ölkəyə xaricdən qarpız idxal edilməyib".
V.Hüseynov bildirib ki, paytaxt və bölgələrdə qarpızın qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə ucuzdur:
"Hazırda qarpızın sahələrdən alış qiyməti 21-25 qəpik, paytaxt və böyük şəhərlərdə pərakəndə satış qiyməti 35-45 qəpikdir. Ötən il iyul ayında qarpızın pərakəndə satış qiyməti 70-90 qəpik təşkil edirdi. Hazırda bazarlara çıxarılan qarpız istixana şəraitində yetişdirilmiş yerli məhsuldur. Açıq sahələrdən qarpızın kütləvi yığımına yaxın günlərdə başlanacaq. Buna bir müddətdir bölgələrdə davam edən yağıntılı hava şəraiti mane olur. Bazara təklifin artması ilə qiymətlərdə ucuzlaşma olacağı gözlənilir".
Nazirlik rəsmisi əlavə edib ki, 2018-ci illə müqayisədə bu il daha 300 hektar artıq sahədə qarpız əkilib, ümumilikdə qarpız sahələrinin həcmi 15 100 hektar təşkil edir: "Qarpız sahələrində orta məhsuldarlıq ötən ilə görə (158 s/ha) 2 sentner yüksəkdir və hazırda 160 s/ha təşkil edir. Bugünədək sahələrin cəmi 14,1 faizində məhsul yığılıb".

Tehsil-press.az

Oxşar xəbərlər