Aşpaz olmaq istəyənlər İctimai İaşə və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilər

Aşpaz olmaq istəyənlər İctimai İaşə və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilər Aşpaz olmaq istəyən şəxslər İctimai İaşə və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçə bilərlər. Mərkəzdə nüfuzlu otellərlə birlikdə tətbiq edilən ikili proqramlar çərçivəsində tədris aparılır. Təhsil müəssisəsi ən müasir avadanlıqlarla təchiz olunub.
Sənəd qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Qəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır. Elektron sənəd qəbulundan keçmək üçün şəxsiyyəti təsdiq edən sənəd, təhsil haqqında sənəd (attestat), əlilliyi olan şəxslərin əlilliyini təsdiq edən sənəd, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd tələb edilir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılacaq.
Xatırladaq ki, peşə təhsili müəssisələrində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət peşə təhsili müəssisələrində büdcə hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər