Ən qədim insan məskəni, sazın-sözün beşiyi - Kəlbəcər

Ən qədim insan məskəni, sazın-sözün beşiyi - Kəlbəcər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabr 27-dən Azərbaycan Ordusunun düşmən təxribatına qarşı əks-hücum əməliyyatları ilə başlayan Vətən savaşımızın möhtəşəm qələbələri, şanlı zəfər xəbərləri bir-birinin ardınca gəlməkdədir. Noyabrın 25-i də xalqımızın şərəf tarixinə parlaq hərflərlə yazıldı. Bu gün Azərbaycanımızın zümrüd qaşı, Qarabağın qala qapısı Kəlbəcərimizin işğalına son qoyuldu. İyirmi yeddi illik ayrılıqdan, həsrətdən, nisgildən, acınacaqlı didərginlik həyatından sonra kəlbəcərli yurddaşlarımız, nəhayət ki, öz dədə-baba yurdlarına dönürlər.
Bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin “Əziz Kəlbəcər, sən də azadsan!" sərlövhəli məqaləsində yer alıb.
Məqalədə deyilir: "BMT-nin 30 ilə yaxındır ki, kağız üzərində qalan qətnamələrini döyüş meydanında təkbaşına icra edən Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandanımızın və şanlı ordumuzun sülhə məcburetmə əməliyyatları nəticəsində bu gün BMT Təhlükəsizlik Şurasının daha bir qətnaməsi - bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə də həyata keçirildi.
Torpağının altı da, üstü də sərvət olan Kəlbəcəri itirməklə Azərbaycan zəngin xəzinələr diyarını itirmişdi. Bu gün o xəzinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində əbədi olaraq xalqımıza qaytarıldı. Kəlbəcər qızıl, civə və başqa mineral daşlarına, isti, narzan və sərin bulaqlarına, şəfalı dərman bitkilərinə, saf ab-havasına, əsrarəngiz mənzərələrinə və saymaqla bitməyən digər sərvətlərinə görə dünyanın heç bir yeri ilə müqayisə edə bilməyəcəyimiz zəngin məkandır. Ulu öndər Heydər Əliyev hər zaman Kəlbəcərə, onun təbiətinə, insanlarına yüksək dəyər verib. 1996-cı il aprelin 1-də ümummilli lider Heydər Əliyev Prezident sarayında Kəlbəcərin işğalının üçüncü ilində rayon sakinlərinin nümayəndələri ilə görüşdə demişdi: “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Azərbaycanın çox yerlərindən, o cümlədən paytaxtımız Bakıdan da insanlar həmişə Kəlbəcərə ziyarətə gediblər. O dağların, meşələrin gözəlliyindən müəyyən qədər bəhrələnmək üçün, eyni zamanda, bu gözəlliyi seyr edib ölkəmizin nə qədər gözəl bir məmləkət, diyar olduğunu bir daha dərk etmək üçün ziyarət ediblər. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”.
Ulu Öndərimizin dediyi həmin şanlı gün gəlibdir. Bu günü isə xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bəxş edib.
Kəlbəcər Azərbaycanda ən qədim insan məskənlərindən biridir. Rayon ərazisində aşkarlanan bir çox tarixi tapıntılar, 3500-ə qədər qaya təsvirləri bu yerin qədim insan məskəni olduğunu isbat edir. Kəlbəcərdə qədim qalalar, alban abidələri, daşlar üzərində yazılar, qəbirüstü qoçlar və atlar, daşdan yonulmuş müxtəlif fiqurlar, bəzək daşları və bunun kimi qədim tariximizin yadigarları olduqca çox idi. Rayon ərazisində yerləşən Xudavəng monastırı, Zar mağarası, Comərd qalası, Löh qalası kimi abidələr Azərbaycan tarixinin əzəmətini, mədəni sərvətlərimizin tükənməzliyini bütün dünyaya nümayiş etdirən tarixi abidələrdir. Təəssüf ki, mənfur qonşu 27 il ərzində bu tarixi abidələrin bir çoxunu dağıdıb, talayıb və özününküləşdirməyə çalışıb, abidələr üzərində saxtalaşdırmalar aparıb. Eyni zamanda, ona da əminik ki, həmin tarixi abidələr dövlətimiz tərəfindən bərpa ediləcək, bu sərvətlərimiz dünya tarixinin qiymətli maddi-mədəniyyət nümunələri kimi UNESCO-nun ümumdünya irsi obyektlərinin siyahısına daxil ediləcək.
Kəlbəcər torpağı həm də mədəniyyətin, sazın-sözün beşiyi, qüdrətli sənətkarların yetişdiyi bir diyardır. Klassik ədəbiyyatımızın ustadı Ağdabanlı şair Qurbandan və XX əsr Azərbaycan ədəbiyyatının, eləcə də aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirdən başlayaraq Kəlbəcərdə zəngin ədəbi mühit formalaşıb, bu gün də həmin mühit yaşayır və inkişaf edir. Əminik ki, kəlbəcərli söz adamları doğma yurdlarına döndükdən sonra daha gözəl, parlaq əsərlər yaradacaqlar, həmin əsərlərdə bugünkü qələbələrimiz, Müzəffər Ali Baş Komandanımızın və şanlı ordumuzun qüdrəti də öz əksini tapacaqdır.
Çox maraqlıdır ki, ötən ilin noyabr ayında doğma Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” adına Kəlbəcər Mədəniyyət Evinin Folklor Ansamblının konsertini təşkil etmişdik. Həmin tədbirdə arzulamışdıq ki, gələn il bu vaxta qədər bütün torpaqlarımız, o cümlədən Kəlbəcər işğaldan azad olunsun. Allaha şükürlər olsun ki, cəmi bir ilin tamamında və məhz həmin tarixdə bu müqəddəs arzumuz çin oldu.
Bu gün Müzəffər Ali Baş Komandanımızın Şuşanın işğaldan azad edilməsi ilə bağlı tarixi müraciətində səsləndirdiyi “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” şüarı bütünlüklə Qarabağa, işğaldan azad edilən bütün torpaqlara həyatın qayıdacağı devizi kimi olduqca əzəmətli səslənir. Əminik ki, Prezidentimizin qətiyyətli siyasəti ilə işğaldan azad olunan Kəlbəcər də dirçələcək, o torpaqlara da həyat qayıdacaq. Ulu öndər Heydər Əliyev illər öncə Kəlbəcərin bu gözəl günlərini görürdü və həmin gözəl günləri əvvəlcədən salamlayırdı. 1996-cı il aprel ayının 1-də kəlbəcərlilərlə görüşündə Ulu Öndər demişdi: “Kəlbəcər yenə də öz keçmiş, gözəl dövrünə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”. Bu gün məhz həmin gündür - Ulu Öndərimizin haqqında bəhs etdiyi, hamımız üçün əziz olan gün - Qarabağın qala qapısı Kəlbəcərin işğaldan azad olunduğu gün! Bu şanlı gündə bütün arzuları həyata keçən Ulu Öndərin əziz xatirəsini bir daha hörmətlə və izzətlə anırıq, bu müqəddəs arzuları həyata keçirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha sonsuz hörmət və ehtiramımızı bildiririk.
Qarabağ bizimdir, Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!".

Tehsil-press.az

Oxşar xəbərlər