BANM-in Prezident təqaüdçüsü: Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır

BANM-in Prezident təqaüdçüsü: Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsindən biri Kəlbəcər rayonu 108 saylı tam orta məktəbin yetirməsi Zərifə Şahbazzadədir. O, orta məktəbi fərqlənmə diplomu ilə bitirərək 690 balla BANM-in informasiya təhlükəsizliyi ixtisasını seçib.
Təəssüratlarını bölüşən Zərifə Şahbazzadə Kəlbəcər rayonunun azad olunması ilə bağlı hisslərini dilə gətirib, Azərbaycan xalqının çox şərəfli və qürurlu bir tarix yaşadığını deyib: “Mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun şücaəti bu şanlı Qələbəni bizə yaşatdı. Kəlbəcər mənim üçün Azərbaycandır! Görmədiyim, yalnız xatirələrdə canlandırılan Vətən torpağıdır Kəlbəcər! Nənəmin Kəlbəcər haqqında bitib-tükənməyən xatirələri məndə sanki orada yaşamışam kimi hisslər oyadırdı. Özümü çox xoşbəxt hiss edirəm ki, Kəlbəcərə, Şuşaya getmək, uca dağları seyr etmək, gözəlliklərdən zövq almaq nəsibim olacaq.
Torpağımız, şərəfimiz və qürurumuz uğrunda başladığımız savaşda acı bir həqiqətdir ki, şəhidlərimiz də var. Onlar bu günü bizə yaşatmaq üçün qanları ilə tarix yazıblar! Qazilərimiz igidlik göstərərək düşmənin heç bir hiyləsinə aldanmayıblar. Onların qarşısında baş əyirəm. Vətən müharibəsində anamın xalası oğlu iştirak edib. Bu savaşda hər birimiz həmrəy olmalı, birlik və dostluq nümayiş etdirməli idik. Zəfər qazanmaq üçün bu, çox önəmli şərt idi. Çünki düşmən bizi daim izləyir və mənfi fikirlərlə bizi ruhdan salmağa çalışırdı. Lakin yenilməz xalqımızın birliyi həm döyüş meydanında, həm də virtual aləmdə bütün dünyaya nümunə oldu. Prezidentimizin hər bir müraciəti bir tarixə çevrildi və son 10 noyabr müraciəti ilə 28 illik bir həsrətə son qoydu. Azərbaycan xalqı bir daha sübut etdi ki, bayrağımız daim yüksəklərdə dalğalanacaq. Bəli, mən də digər həmyaşıdlarım kimi sosial şəbəkələrdə bacardığım qədər fəal idim”.
O qeyd edib ki, 2020-ci il təzadlı bir il oldu. Fərqli bir yaşayış tərzinə alışmaq və bu şəraitdə ali məktəbə hazırlaşmaq məcburiyyəti yarandı. Lakin qarşıma qoyduğum məqsəd və gələcək arzularım bu şərtlərə qalib gəldi. 690 bal toplayaraq BANM-in informasiya təhlükəsizliyi ixtisasına qəbul olundum. Müharibənin davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin təqaüdlə bağlı imzaladığı Sərəncam çox gözlənilməz oldu. Ölkənin çox çətin bir zamanında gənclərə ən ali səviyyədə dəyər verilməsi çox qürurverici anlar yaşatdı. BANM-də təhsil alan yaxınlarımdan, məktəbimizin məzunlarından və araşdırdığım mənbələrdən ətraflı məlumatlar əldə etmişdim. Araşdırmalarımdan qənaətim bu oldu ki, keyfiyyətli təhsil almaq, savadlı mütəxəssis kimi yetişmək arzuma Bakı Ali Neft Məktəbində təhsil alaraq çata bilərəm. Məqsədim peşəkar və bacarıqlı mütəxəssis olmaq üçün universiteti əla nəticələrlə bitirərək magistr təhsili də almaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər