“Gələcəyini qur!” layihəsi çərçivəsində növbəti tədbir ATMU-da təşkil edilib

“Gələcəyini qur!” layihəsi çərçivəsində növbəti tədbir ATMU-da təşkil edilib Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Gələcəyini qur!” gəncliyə dəstək layihəsinin növbəti tədbiri keçirilib.
ATMU-nun rektor müşaviri Elvin Yusifli layihə iştirakçılarından bir qrupunu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Onların ATMU-da tələbə kontingenti sıralarında yer almalarını arzulayıb.
Layihənin rəhbəri Turan Cəfərova təqdimatla çıxış edib. O, layihə haqqında ümumi məlumat verib, onun əhəmiyyətindən, gənclərin inkişafına, düzgün karyera və ixtisas seçiminə dəstəyindən danışıb.
Universitetin Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova “ATMU-nun fəaliyyət strategiyası və hədəfləri” mövzusunda çıxış edib. O, dövlət ali təhsil müəssisəsi olaraq ATMU-da turizm və menecment sahələri üzrə təhsilin bütün pillələrində kadr hazırlığının, o cümlədən Azərbaycan, ingilis və rus bölmələrinə tələbə qəbulunun həyata keçirildiyini diqqətə çatdırıb.
Sonra “Gələcəyini qur!” layihəsinin məzunlarından Cavidan Nəsirli universitet həyatından, tələbə-müəllim münasibətlərindən, dosent İsa Qasımov, “T-Network” təhsil platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov isə yaradıcı yanaşma, kreativ və tənqidi düşüncə, innovasiya və təşəbbüskarlıqdan bəhs ediblər.
Qeyd edək ki, layihənin cari fəaliyyətindən Bakının bütün rayonları, regionlardan isə Ağdaş, Hacıqabul, Kürdəmir, Ucar və Yevlaxdan 170-ə yaxın gənc və onların ailələri faydalanır.
“Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi 2014-cü ildən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər