ADU-da “Azərbaycan–Rumıniya mədəni əlaqələri” kitabının təqdimatı olub

ADU-da “Azərbaycan–Rumıniya mədəni əlaqələri” kitabının təqdimatı olub Azərbaycan Dillər Universitetində (ADU) Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Jalə İsmayılın rumın dilində yazdığı və ana dilimizə tərcümə etdiyi “Azərbaycan – Rumıniya mədəni əlaqələri” kitabının təqdimatı olub. Kitabın hazırlanma prosesi haqqında məlumat verən müəllif Azərbaycanla Rumıniya arasında əsas əlaqələrin II Dünya müharibəsi dövründə başladığını bildirib. Bu iki ölkənin mədəni istiqamətdə bir-birindən çox fərqli olduğunu qeyd edən J.İsmayıl mədəni əlaqələrin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, mədəni əlaqələrin formalaşdırılması təşəbbüsünün Rumıniya tərəfindən gəldiyini, bu əlaqələrin inkişaf etdirilməsi üçün ciddi addımların isə Azərbaycan tərəfindən atıldığını bildirib. Tədqiqatçının xüsusi diqqət ayırdığı məsələlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Rumıniyada yaşaması, Buxarestdə Türkiyənin Rumıniyadakı səfiri Hamdullah Süphi Tanrıöverin qonağı olması və burada Nizami Gəncəviyə həsr etdiyi “Azərbaycan şairi Nizami” əsərini tamamlaması olub.
SSRİ-nin dağılması və Rumıniyada kommunist rejiminin çökməsi ilə iki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu bildirən tədqiqatçı bu sahədə önəmli işlər görüldüyünü qeyd edib. Bu işlər arasında akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” kitabının rumın dilinə tərcümə olunmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə Rumıniyanın Alexandru İoan Cuza Universitetinin müəllimi Adrian-Bogdan Ceobanu “I Dünya müharibəsindən əvvəl Rumıniyanın diplomatik əlaqələri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Rumıniyanın diplomatik əlaqələrinin yaranması, diplomatik nümayəndəliklərin qurulması, diplomatların seçilməsi ilə bağlı ətraflı məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər