ATMU-nun həyatında ilk dəfə təşkil olunan məzun görüşü

ATMU-nun həyatında ilk dəfə təşkil olunan məzun görüşü Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “ATMU I Məzun görüşü 2023” adlı tədbir keçirilib.
Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə universitet həyatında ilk dəfə təşkil olunan məzun görüşü tədbirində Dövlət Turizm Agentliyinin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov məzunlara karyera yüksəlişində və şəxsi həyatlarında uğurlar arzulayıb. Rektor ATMU məzunlarının respublika ali təhsil müəssisələri arasında məşğulluq faizinə görə 2016-2022-ci illərin statistikasında III yerdə qərarlaşdığını bildirib. O, 12 ixtisas üzrə 2434 məzunun isə ümumi məşğulluq səviyyəsinin 54 faiz təşkil etdiyini diqqətə çatdırıb.
Məzunlarla bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov universitet-məzun əlaqələrinin möhkəmlənməsində belə tədbirləri əhəmiyyətli amil kimi dəyərləndirib. Dövlətimizin turizm sənayesinin inkişafına xüsusi diqqət ayırdığını vurğulayan Kənan Qasımov peşəkar kadrlara hər zaman böyük ehtiyac olduğunu bildirib.
Elm və innovasiya şöbəsinin müdiri Nəsir Nəsirli məzunlarla fəxr etdiyini deyib və onlara şəxsi həyatlarında, eyni zamanda, karyera yüksəlişində uğurlar arzulayıb.
ATMU-nun məzunu olaraq həm ölkəmizdə, həm də xarici ölkələrdə yüksəkixtisaslı kadr kimi tanınan İlkin Rüstəmov və Tərlan Quliyev mühüm karyeraya sahibləndikləri üçün professor-müəllim və inzibati heyətə təşəkkürlərini bildiriblər. Hazırda xarici ölkələrdə yüksək vəzifə tutan məzunlar isə tədbirə qoşula bilməsələr də, videoçarx vasitəsilə sevinclərini bölüşüblər.
Beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən ATMU-nun məzunu Nadir Rüstəmli, o cümlədən universitetin tələbələri Fərman Məmmədov, Rəvan Hacıyev, Həsən Novruzlu rəngarəng musiqi nömrələri ilə tədbiri daha da rövnəqləndiriblər.
Tədbir ATMU-nun Tələbə Gənclər Təşkilatı üzvlərinin çıxışları, məzunlardan bəhs edən videoçarxların nümayişi, rəqslər və ifalarla başa çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər