Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə

Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə Çernobıl faciəsi haqqında, demək olar ki, hamı məlumatlıdır. Çox adam bilir ki, 1986-cı ilin 26 aprelində Ukraynanın paytaxtı Kiyevin yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasındakı güclü nüvə partlayışı hansı faciəyə səbəb oldu. Partlayış və ətrafa yayılan radiasiya minlərlə insanı öldürdü və bu "ölüm maşını" hələ də can almaqda davam edir.

Tədqiqatçılar deyirlər ki, atmosferdəki radiasiya yaxın 2000 il ərzində təmizlənməyəcək. Bu faciəni çox az adam gözlərilə görə bilib. Çünki nüvə partlayışından sonra faciənin fəsadlarını aradan qaldırmaq üçün ora yardıma gedənlərin də bir qismi şüalanmadan ölüb, digərləri isə şikəst qalıb.
Həmin əraziyə getmək qadağan edildiyindən bu faciənin fəsadlarını çox adam bundan sonra da görə bilməyəcək. Azərbaycanlı fotoqraf Orxan Əzim isə Çernobıla gedib və faciənin 30 illiyi ərəfəsində məhv olan sivilizasiyanın fotolarını çəkib.
Bu gün Rəssamlar İttifaqında həmin fotoların sərgisi keçirilib. Hələ sərgi başlamamışdan əvvəl xeyli adam Çernobılı, oradakı indiki vəziyyəti heç olmasa fotolarda görə bilmək üçün binanın qarşısına toplaşmışdı.
Nəhayət, saat 19:00-dır və bir azdan sərgi açılacaq. Amma əvvəlcə söz Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovundur. O həm Çernobl faciəsindən, həm də bunun fəsadlarını insanlara çatdırmağın əhəmiyyətindən danışıb.
"Heç bir musiqi, heç bir film insanları oyada bilməz. İnsanları ayıldan fotolardır" , - deyə F.Xəlilov vurğulayıb.
Azərbaycan Çernobl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov faciənin miqyasından danışıb və bildirib ki, həmin qəzanın fəsadlarını aradan qaldırmağa çalışan azərbaycanlılardan 3500 nəfər dünyasını dəyişib...
Nəhayət, simvolik qırmızı lent kəsilir və qonaqların bayaqdan boylanıb görməyə can atdıqları fotolar onların ixtiyarına verilir. Dağılmış otaqlar, üstündə sınmış oyuncaqlar qalan çarpayılar, tərk edilmiş binalarla dolu şəhər...
30 ildir irəli getməyən boş şokolad qutuları belə olduğu kimi qalan otaqlara baxdıqca Çernobılda hansı dəhşətin baş verdiyini daha aydın görmək olur.
Fotoqraf Orxan Əzim deyir ki, üzünə qoruyucu maska taxmasa da sağlamlığı üçün bəzi tələblərə əməl etməli olub: "Bizə tapşırmışdılar ki, yerə düşmüş hansısa əşyanı götürmək oımaz. Çünki o artıq radiasiyaya məruz qalmış sayılır".
Alimlər deyirlər ki, Çernobılın radiasiyadan tamam təmizlənməsi üçün uzun minilliklər lazımdır. Minlərlə il lazımdır ki, burada həyat yenidən başlasın...
Sonda qeyd edək ki, sərgi sabah da davam edəcək.

Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə

Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə

Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə

Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə

Çernobıl faciəsi 30 il sonra azərbaycanlı fotoqrafın gözü ilə


tehsil-press.az

Oxşar xəbərlər