Bu il Azərbaycanda 14 mindən çox cinayət qeydə alınıb

Bu il Azərbaycanda 14 mindən çox cinayət qeydə alınıb Bu ilin 6 ayı ərzində Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 14 251 cinayət qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, bunu iyulun 8-də nazirlikdə 2016-cı ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.
Nazir müavini deyib ki, qeydə alınan cinayətlərin 94,2 faizi və ya 13 429-u daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olub: "Bu cinayətlərin 85,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Məqsədyönlü surətdə davam etdirilən profilaktik fəaliyyət nəticəsində cinayətkarlığın dinamikasında son illər mövcud olan müsbət təmayül də qorunub saxlanılıb".
V.Eyvazov bildirib ki, şəxsiyyət əleyhinə olan cinayətlərin strukturunda qəsdən adam öldürmələr 5,2 faiz, zorlamalar 16,7 faiz, avtonəqliyyatın qaçırılması 13 faiz, xuliqanlıqlar 6,4 faiz, yol-nəqliyyat hadisələri 13,4 faiz, qəzalarda həlak olanların sayı 25,3 faiz, xəsarət alanların sayı 13,2 faiz azalıb: "Cinayətlərin açılması yaxşılaşaraq 84,4 faiz təşkil edib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması 0,5 faiz, şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 1,2 faiz, qəsdən adam öldürməyə cəhdlərin açılması 2,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 1,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,6 faiz, xuliqanlıqların açılması 2,4 faiz yaxşılaşıb".
Polis general-leytenantı qeyd edib ki, “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlərlə 2759 hüquqazidd əməlin qarşısı alınıb, 2022 cinayət işi başlanılıb: “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 162 cinayət açılıb, 6366 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 135 hadisə aşkarlanıb, axtarışda olan 68 avtomobil saxlanılıb".
Cinayətlərdə təqsirləndirilən və şübhəli bilinən şəxslərin axtarışının nəticələri 4,1 faiz yaxşılaşaraq istintaq və məhkəmə orqanlarından yayınan 1536 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 51 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 26 şəxsin yeri müəyyən olunub. Ümumilikdə, axtarılanların 56,8 faizinin tutulması təmin edilib.
Xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb edən mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 141 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 90 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlər də sistemli və ardıcıl olub. Ötən ilin 6 ayı ilə müqayisədə 16,2 faiz çox, yaxud 93 insan alveri cinayəti müəyyən edilib. Bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı ilə 16 nəfər məhkəmə məsuliyyətinə verilib, həmin əməllərin qurbanı olmuş 52 şəxsin cəmiyyətə reinteqrasiyası təmin olunub.
Nazirin birinci müavini qeyd edib ki, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin görülməsində, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında mühüm funksiyaları həyata keçirən istintaq və ixtisaslaşmış təhqiqat qurumları üzrə fəaliyyətin nəticələri də ümumən qənaətbəxş olub. Prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işində də müsbət təmayül müşahidə olunub və bu istiqamətdə işin nəticələri 7,9 faiz yaxşılaşaraq 85,6 faiz təşkil edib.
Cinayət xarakterli məlumatlara baxılmasında və qərarlar qəbul edilməsində əhəmiyyətli rolu olan təhqiqatçıların iş həcmi isə cari ilin 6 ayında təxminən 28 faiz artıb.
Məruzəçi bildirib ki, xidməti fəaliyyətin əsas istiqamətlərindən biri olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələr verib. Belə ki, respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 15 mindən çox artması fonunda, yol-nəqliyyat hadisələrinin, qəzalarda ölənlərin və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Konkret olaraq, 2015-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə 25 faiz çox və ya 1.402.254 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkarlanıb. Bununla yanaşı, avtomobilinin şüşələrinə pərdə və plyonka çəkilmiş 2.404 şəxs, həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 6.574 nəfər və avtoxuliqanlığa görə 183 sürücü barəsində qanunauyğun tədbirlər görülüb. Həmin qayda pozuntuları ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinin, məqsədli şəkildə aparılan təbliğat işinin və keçirilən reydlərin nəticəsi olaraq, onların sayında ilbəil azalma qeydə alınır.
Vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə təmini üzrə fəaliyyət çərçivəsində 59,2 faiz çox, yəni 972.383 nəfərə şəxsiyyət vəsiqəsi, 179.792 nəfərə isə ümumvətəndaş pasportu verilib.
Mühafizə xidmətləri tərəfindən qorunan obyektlərdə 94 oğurluq hadisəsinin qarşısı alınmaqla 41 nəfər, habelə xidməti marşrutlarda 56 cinayət törətmiş 65 şəxs yaxalanıb.


Tehsil-press.az

Oxşar xəbərlər