Xalça istehsalı yenidən dirçəlir

Xalça istehsalı yenidən dirçəlir Bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur.

Tehsil-press.az-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasında qeyd olunub.
İclasda bildirilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi məqsədilə “Azərxalça” ASC-nin təşkili işləri aparılır. Bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu müəəsisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir.
Bununla yanaşı, “Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Xalça və xalça məmulatlarının istehsalı və ixracının genişləndirilməsi məşğulluğun artırılmasında mühüm rol oynayacaq.
Azərbaycan Prezidentinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqların icrası barədə məlumat verilərək bildirilib ki, pambıqçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, çayçılığın, fındıqçılığın və xurma istehsalının inkişafı istiqamətində stimullaşdırma tədbirləri həyata keçirilir, bu sahədə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir.


Tehsil-press.az

Oxşar xəbərlər