Azərbaycanda qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçirilə bilər

Azərbaycanda qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçirilə bilər Respublika Talassemiya Mərkəzi Azərbaycanda qeyri-qohumlardan sümük iliyi transplantasiyasının həyata keçirilməsini mümkün etmək üçün müvafiq qurumlara müraciət edib.
Təhsil-press.az-ın məlumatına görə, Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov bu gün 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirdikləri tədbirdə deyib.
C.Məmmədov deyib ki, qeyri-qohumlardan sümük iliyi transplantasiyasının aparılması üçün qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır:
"Bununla bağlı qanun qəbul edilməlidir. Milli Məclisin yaz sesiyasında ölkəyə buynuz qişasının xaricdən gətirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Gözləyirik ki, parlamentin payız sessiyasında da sümük iliyi transplantasiyasına qeyri-qohum donorların cəlb olunması barədə qanun qəbul ediləcək. Mərkəz ötən ildən Avropa Talassemiya Federasiyanın həqiqi üzvüdür. Lakin Azərbaycanın qanunvericiliyində qeyri-qohumlardan alınan sümük iliyinin xaricdən gətirilməsi mümkün olmadığından nə donor cəlb edə bilirik, nə də özümüz harasa donor verə bilirik. Bu il məsələ həllini tapmalıdır. Bununla bağlı artıq müəyyən instansiyalara müraciət etmişik. Qanunvericilikdə donor mübadiləsi öz əksini tapdıqdan sonra artıq Azərbaycanda qeyri-qohumlardan da sümük iliyi transplantasiyası həyata keçiriləcək".
C.Məmmədov deyib ki, Azərbaycanda sümük iliyi transplantasiyası 2014-cü ildən həyata keçirilir. Bu il ərzində 9 xəstəyə sümük iliyi transplantasiyası uğurla həyata keçirilib. Ümumilikdə Azərbaycanda 2014-cü ildən indiyədək 51 xəstəyə sümük iliyi transplantasiyası həyata keçirilib: "Sümük iliyi transplantasiyasına talassemiya xəstəliyindən əziyyət çəkən bütün xəstələrin ehtiyacı var. Amma buna baxmayaraq, onların hamısını əməliyyata götürmək nəsib olmur. Çünki burada da müəyyən nüanslar var".
Xəstələrin hamısının hansı səbəblərdən əməliyyata götürülə bilməməsinə aydınlıq gətirən RTM-nin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva isə bildirib ki, bunun əsas səbəblərindən biri xəstələrin çoxunun bacı-qardaş olmamasıdır. Ona görə də mərkəzdə indi ancaq uyğunluq olan qohumların donorluğu ilə əməliyyatlar həyata keçirilir.
N.Əliyeva bildirib ki, mərkəzdə qeydiyyatda olan 2900-dən çox xəstənin yalnız 300-400-də bacı-qardaş uyğunluğu olub:
"Digər səbəb isə odur ki, uzun müddət qan vurulan xəstələrin qaraciyər və ürəyində müəyyən problemlər yaranır. Bununla əlaqədar olaraq, onlar bir müddət müalicə olunduqdan sonra sümük iliyi transplantasiyanın olunub-olunmamasına dair qərar verilir. Mərkəz il ərzində 20-21 ərzində sümük iliyi transplantasiyası həyata keçirə bilir. Burdan artığına gücümüz çatmır. Bu əməliyyatın həyata kçeirilməsi üçün xəstə və donorun bacı-qardaş olması şərtdir".

Təhsil-press.az

Oxşar xəbərlər