M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2018-2019-cu tədris ilində bu ali məktəbə daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirib.
Tədbiri açan professor, mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi MDU-nun Bakı filialının “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib. Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib, sonra psixologiya, iqtisad və fizika fakültələri açılıb. Təhsil bakalavr və magistr pillələrində aparılır. “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib və tələbələr üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar”, - deyən Y.Sadovniçi filialda oxumağın çətin olduğunu, lakin bu çətinliyin tələbələrin gələcəyinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O deyib: “Praktika göstərir ki, məzunlarımızın işə düzəlmək problemi olmur. Onlar sonra bizə təşəkkür də edirlər”.
Qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, bu barədə bütün məlumat filialın http://msu.az/ saytında yerləşdirilib. Əgər məlumat kifayət etməzsə, http://www.msu.ru/ saytına, habelə filialın [email protected] elektron ünvanına müraciət etmək olar. Bu il filial bakalavr və magistr proqramı üzrə qəbul keçirir. Filologiya fakültəsinin bazasında “Rus dili və ədəbiyyatı” və “Xarici filologiya” (fransız, ispan) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsində iqtisadiyyat və menecment bölmələri var. Bütün fakültələrə plan 25 nəfər, filologiyada isə rus dili və ədəbiyyatı, fransız və ispan dili və ədəbiyyatı ixtisaslarına ayrı-ayrılıqda 10 nəfər olmaqla, ümumilikdə 30 nəfərdir. Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya və iqtisadiyyat fakültələri üzrə aparılır. Filialda qəbul imtahanları və təhsil rus dilindədir. Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən birinci (yaz) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə 300 və ya daha çox bal toplamaq tələb olunur.
Denis İlyutko diqqətə çatdırıb ki, qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza (ERİ) – FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında http://dim.gov.az/ doldurula bilər. Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin iqtisadiyyat və filologiya fakültələrində iki istiqamət olduğundan, hər iki istiqamətə vermək olar. Filiala qəbul MDU-nun yaratdığı qəbul komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən aparılır. Filialda təhsil rus dilindədir. Azərbaycan vətəndaşları, ali təhsili olanlar istisna edilməklə, büdcə hesabına (ödənişsiz) təhsil alırlar. Əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, habelə ali təhsilli Azərbaycan vətəndaşları üçün təhsil pulludur.
MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, fizika təcrübi elm olduğundan təhsil prosesində bu məsələyə böyük diqqət verilir. “Əgər MDU-nun Bakı filialı dünyanın ən yaxşı 100 universiteti sırasında yer alırsa, fizika fakültəsinə görə 30 universitet sırasına daxildir. Filialda olan ən müasir avadanlıq dünyanın bir çox ali məktəbində yoxdur”, - deyə A.Saletski vurğulayıb.
Psixologiya fakültəsinin dekan müavini, psixologiya elmləri doktoru Valentina Barabanşikova müasir dövrdə həyatın müxtəlif sahələrində psixoloqa ehtiyac yarandığını vurğulayıb, bu baxımdan Bakıda da psixoloji mərkəzlərin açıldığını diqqətə çatdırıb. Bildirib ki, fakültənin tələbələri Moskvaya diplom praktikasına gedəcəklər.
Qeyd edək ki, psixologiya fakültəsində fundamental təhsilin əsasını ümumi psixologiya, şəxsiyyətin psixologiyası, psixologiyanın tarixi, eksperimental psixologiya, diferensial psixologiya, psixodiaqnostikanın əsasları, psixoloji praktikum kursları təşkil edir.
Kimya elmləri doktoru, üzvi kimya kafedrasının professoru, kimya fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Sergey Karlov Azərbaycanın zəngin təbii ehtiyatlarının kimya sənayesinin, eləcə də kimya elminin inkişafını tələb etdiyini söyləyib. Vurğulayıb ki, ölkə rəhbərliyi müvafiq sahələrin inkişafı üçün hər cür şərait yaradıb. “Filialda 15-dən çox kimya laboratoriyası var. Bakalavr təhsilində tələbələr üç il ümumi fənləri, dördüncü il ixtisas fənlərini öyrənirlər. Əlbəttə ki, yaxşı oxuyanlar diplom işinə görə Moskvaya gedirlər. Məzunlarımızın bir hissəsi Azərbaycanda nüfuzlu şirkətlərdə, dövlət strukturlarında işləyir, bir hissəsi isə təkcə MDU-da aspiranturada deyil, həm də xaricdə təhsillərini davam edirlər”, - deyə S.Karlov qeyd edib.
Tətbiqi riyaziyyat fakültəsindən Sergey Qaşkov riyaziyyatın elmlərin ən yaxşısı olduğunu maraqlı faktlarla diqqətə satdırıb. “Pifaqor hesab edirdi ki, dünyanı ədədlər idarə edir”, - deyən S.Qaşkov elm-texnikanın inkişafında riyazi hesablamaların, riyaziyyatın tətbiq edilməsinin əhəmiyyətindən söz açıb. O deyib: “İnsanların istifadə etdikləri smartfonlar çox asanlıqla bir neçə cihazı əvəz edir. Bu, həm kompüter, həm televizor, həm diktofon, həm telefondur. Səbəb bütün informasiyanın işlənməsində rəqəmsallığa keçilməsidir. Yaxud telefonun işi, funksiyalarının reallaşdırılması alqoritmə əsaslanır. Burada kodlaşdırma alqoritmindən istifadə edilir. Pul hesablaşmaları bank kartları ilə aparılır. Burada da rəqəm mikrosxemi var. Eləcə də şifrələmədə riyaziyyatdan istifadə edilir”.
Filologiya elmləri doktoru, german və kelt filologiyası kafedrasının professoru Nataliya Qanina filologiya fakültəsinin filialın yaradıldığı vaxtdan fəaliyyət göstərdiyini diqqətə çatdırıb və bunun da söz sənətinə yüksək qiymət verən Azərbaycan üçün səciyyəvi olduğunu bildirib. Qeyd edib ki, tədris planına iki tədris təcrübəsi- folklor, dialektoloji, istehsalat (pedaqoji), habelə bir qayda olaraq Moskvada keçirilən diplomdan əvvəlki təcrübə daxildir. “Roman-german” filologiyası filiallar arasında məhz Bakıda yaradılıb. Növbəti tədris ilindən isə burada ispan və fransız ədəbiyyatı ixtisası tədris ediləcək. Vurğulayıb ki, həm rusistlərin, həm də xarici filologiyanı tədris edən professor-müəllim heyətinin böyük təcrübəsi var. Fakültənin beynəlxalq əlaqələri də genişdir. Bu sırada Oksford universitetini qeyd etmək yerinə düşər. Bu, filialın rektoru akademik Nərgiz Paşayevanın böyük zəhmətinin sayəsindədir.
İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, fakültə filialda nisbətən yeni olsa da, məzunlarının iş problemi olmayıb. Onların bir qismi isə təhsillərini magistraturada davam etdirir. Ceyhun Hüseynov iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə fundamental tədris aparıldığını vurğulayıb, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.
Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.
Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

MDU-nun Mətbuat xidməti


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü


Oxşar xəbərlər