Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.
Xatirə günü tədbirlərinə şəhid zabitin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsi qarşısında keçirilən anım mərasimi ilə start verilib.
Müdafiə Nazirliyinin rəsmiləri, qəhrəmanın valideynləri, vaxtilə xidmət etdiyi hərbi hissənin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani belə tədbirlərin Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik nümunələri, qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində, ordumuzda layiqli əsgərin yetişməsində xüsusi əhəmiyyət daşıdığını və Müdafiə Nazirliyi rəhbərliyinin bu işə xüsusi önəm verdiyini vurğulayıb.
Qeyd olunub ki, Məzahir Rüstəmov 1960-cı ilin baharında Bakıda doğulub. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, dədə-baba yurdu olan Gədəbəydə vəziyyət gərginləşəndə, Başkənd erməni quldurlarının şeytan yuvasına çevriləndə (bu kənd 1920-ci ildə sovet hakimiyyəti rəhbərliyinin ikili siyasəti nəticəsində ermənilərə bağışlanıb və Azərbaycanın ərazisi olmasına baxmayaraq Ermənistanın xəritəsinə salınmış, anklav kimi rəsmiləşdirilib) Dövlət Mətbuat Komitəsində tutduğu məsul vəzifədən imtina edərək könüllü Azərbaycan Ordusuna yazılıb və Gədəbəy rayonuna yollanıb. Bu, o vaxtlar idi ki, Gədəbəy rayonunun da sərhəd kəndləri intensiv atəşə tutulur, dinc əhali vəhşicəsinə qətlə yetirilir və Başkənd isə kabusa çevrilmişdi.
Professor İzzət Rüstəmov bildirib ki, oğlunun vəzifəsini buraxıb könüllü cəbhəyə getməsi çoxlarına təəccüblü görünsə də, o, həqiqətən ön səngərdə, qanlı döyüşlərdə olub və Vətənə övladlıq borcunu nümunəvi xidməti ilə ödəyib.
Nəzərə çatdırılıb ki, 1992-ci il avqustun 6-da düşmənlər tank və digər zirehli texnikalar, canlı qüvvə ilə qəflətən Mutudərə istiqamətində hücuma keçəndə bölük komandirinin müavini leytenant Məzahir Rüstəmov bölüyün əsgərləri ilə birlikdə döyüş növbəsində idi. Onlar mühasirəyə düşsələr də son gülləyə, son nəfəsədək mübarizə aparıblar. Erməni quldurlarına əsir düşməmək üçün gənc zabit sonuncu qumbaranı sinəsinə sıxaraq həm özünü, həmdə onu əsir götürmək istəyən bir neçə düşməni məhv edib. Azərbaycan ordusunun əks-hücumu nəticəsində Məzahirin və onun silahdaşlarının intiqamı tezliklə alınıb. Başkənd quldurlardan tamamilə azad edilib, bir çox strateji əhəmiyyətli zirvələr ələ keçirilib, Gədəbəyin sərhədyanı kəndlərinin təhlükəsizliyi təmin edilib. Məzahir Rüstəmovun nəşi isə avqustun 9-da Bakıya gətirilib və izdihamın iştirakı ilə Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
A.Qurbani bildirib ki, qəhrəman döyüşçü ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun adı əbədiləşdirilərək Bakıda təhsil aldığı orta məktəbə və küçələrdən birinə verilib, yaşadığı binaya xatirə lövhəsi vurulub, Gədəbəydə abidəsi ucaldılıb. Məzahirin ailəsi həmişə dövlətimizin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Məzahir döyüşə gedərkən altı aylığında olan qızı Təhminə isə artıq boya-başa çatıb, ailə həyatı qurub və bir övladı var. O, dövlət qulluğunda çalışır.
Milli Qəhrəmanın atası professor İzzət Rüstəmov və anası Rəfiqə xanım bütün şəhid ailələrinə, Qarabağ müharibəsinin veteranlarına, döyüşlərdə sağlamlığını itirənlərə dövlət qayğısının yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyi rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məzahir Rüstəmovun döyüşçü dostu Maarif Abbasov, xidmət etdiyi hərbi hissənin zabiti Eldəniz Nəsirov və başqaları çıxış edərək Milli Qəhrəmanın şücaətindən danışıb və şəhidlərimizin intiqamını almaq üçün Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan ediblər.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında təqdim edilən “Bir bayraq altında cəm olsun hamı, cənnət Qarabağa səfərimiz var!” ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının işğal altında olan şəhər və rayonlarımızın da tezliklə azad ediləcəyinə əminliklərini daha da artırıb.
Növbəti tədbir Milli Qəhrəmanın 26 il öncə şəhidlik zirvəsinə ucaldığı Mutudərə kəndi yaxınlığındakı yüksəklikdə keçirilib.
Bir il öncə şəhid qəhrəmanın valideynləri bu bölgədə Vətən müdafiəçiləri ilə görüşərkən bu yerdə xatirə abidəsinin ucaldılmasının həm ailə üzvləri və mutudərəlilər üçün təsəlli, həm də buradan keçib zirvələrə döyüş növbəsinə gedən gənc əsgərlər üçün nümunə ola biləcəyini bildiriblər.
Sonra abidənin üzərindəki bəyaz örtük götürülüb. Əsgərlər yaylım atəşi ilə qəhrəmanlara ehtiramlarını bildiriblər. Mutudərə ağsaqqalları, Məzahir Rüstəmovun silahdaşları, bölgənin keşiyində ayıq-sayıq dayanan, düşmən təxribatlarının qarşısını mərdliklə alan igid döyüşçülər çıxış edərək Azərbaycan Ordusunun güc və qüdrətindən danışıb, istənilən döyüş əmrini yerinə yetirməyə hər an hazır və qadir olduqlarını bəyan ediblər.
Milli Qəhrəmanın anası Rəfiqə xanım hər bir Vətən əsgərinin simasında Məzahiri gördüyünü deyib, Vətən keşiyində duran oğulların xidmətlərini başa vuraraq evlərinə qayıtmalarını arzulayıb.
Professor İzzət Rüstəmov şəhid ailəsinin bu arzusunu reallaşdırdığına görə bir neçə gün öncə bölgəyə səfər edən, döyüşçülərlə yanaşı, yerli sakinlərlə də görüşən, onların problemləri ilə maraqlanan müdafiə naziri, general-polkovnik Zakir Həsənova və nazirliyin digər rəhbər heyətinə dərin minnətdarlığını bildirib.
Gəncə Qarnizonu Zabitlər Evinin Səyyar bədii təşviqat dəstəsi qəhrəmanlıq, vətənpərvərlik mövzusunda ədəbi-musiqili kompozisiya təqdim edib.
Milli Qəhrəman Məzahir Rüstəmovun xatirə günündə bölgədəki hərbi hissələrdə, dayaq məntəqələrində, döyüş mövqelərində anım tədbirləri, görüşlər keçirilib, qəhrəman haqqında çəkilmiş sənədli filmlərin nümayişi və kitabların təqdimatı olub.

Tehsil-press.az


Oxşar xəbərlər