Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib

Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, görkəmli aktyor Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibətilə tədbir keçirilib.
Rektor Elmar Qasımov rəhbərlik etdiyi kollektivin adından Xalq artisti Rasim Balayevi 70 illik yubileyi münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, “Nəsimi” filmi aktyor Rasim Balayevin kinoda ilk işi olmasına baxmayaraq, bu rolu ona 1974-cü ildə Bakıda keçirilmiş VII Ümumittifaq kinofestivalında “Ən yaxşı kişi rolu” mükafatını qazandırıb, filmin özü isə “Ən yaxşı tarixi film” mükafatına layiq görülüb.
Xalq artisti Rasim Balayev onun yaradıcılığına olan maraq və rəğbətə görə rektor Elmar Qasımova təşəkkür edib. Ali Neft Məktəbinə ikinci dəfə gəldiyini bildirən aktyor BANM-in və bu ali məktəbin kollektivinin onun ürəyində xüsusi yeri olduğunu bildirib. Aktyor tədbir iştirakçılarına rol aldığı filmlər və çəkiliş zamanı yaşanan maraqlı anlardan da söz açıb.
Daha sonra rektor Elmar Qasımov Xalq artisti Rasim Balayevə xatirə plaketi təqdim edib.
Aktyorla görüşdə, həmçinin sənətkarın oynadığı filmlərdən fraqmentlər göstərilib.
Tədbirdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə, Azərbaycanın Xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və Əməkdar artist Xalidə Quliyeva Rasim Balayevin yaradıcılıq fəaliyyətindən danışıblar.
Rasim Balayevlə görüşə böyük həvəs göstərən BANM tələbələri ona maraqlı suallar verib, görkəmli aktyorun səmimi cavablarını dinləyiblər.
Tədbirin sonunda Ali Məktəbin Konqres zalının səhnəsində baş rolda Rasim Balayevin çəkildiyi və rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” tarixi filmi nümayiş etdirilib.

BANM-nin Mətbuat Xidməti


Oxşar xəbərlər