Azərbaycan təhsilinin uğurları bu sahəyə göstərilən diqqət və qayğıdan qaynaqlanır

Azərbaycan təhsilinin uğurları bu sahəyə göstərilən diqqət və qayğıdan qaynaqlanır Müasir müstəqil Azərbaycan Respublikasında bütün sahələrdə insan kapitalının inkişafı naminə həyata keçirilən böyük işlərin uğurlu nəticələrini görürük. Ulu öndər Heydər Əliyevin təhsilə qayğı üzərində köklənmiş strateji kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkə iqtisadiyyatının şaxələnməsi, hərtərəfli inkişafı təhsil infrastrukturunun əsaslı şəkildə yenilənməsinə və Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına, şəffaflığın və obyektivliyin təmin olunmasına zəmin yaradıb. Hazırda təhsilimiz bütün pillə və səviyyələr üzrə yenilənir, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflər uğurla reallaşdırılır.
Bu fikirləri Tehsil-press.az-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib.
O deyib: “Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxarkən aydın şəkildə görürük ki, Azərbaycan bütün sahələr üzrə ilkin islahatlar mərhələsini daha çevik keçməyə nail olub. Azərbaycanda inkişaf proseslərinin qanunauyğunluğu, ritmi və sürəti digər təcrübələrdən tamamilə fərqlidir. Bütün bunlar strateji inkişaf kursunun və düşünülmüş ardıcıl addımların, sözün həqiqi mənasında, seçilmiş yola sadiqliyin təzahürüdür.
Artıq hərtərəfli inkişafın lokomotivi olan təhsil insan inkişafının ən mühüm amillərindən biri kimi hər kəsi cəlb edir. Öz övladlarının təhsili, ümumi inkişafı və gələcəyi haqqında həqiqi mənada düşünən və dövlətin yaratdığı təhsil imkanlarından səmərəli şəkildə yararlanan ailələrin say tərkibi ciddi şəkildə artmaqdadır. Bu uğurlar heç də öz-özünə əldə olunmayıb, Azərbaycanda həyata keçirilən sistemli təhsil siyasəti və ardıcıl təhsil islahatları nəticəsində qazanılıb.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial-iqtisadi inkişafın nəticələrini təhlil edən dövlət başçısı xüsusilə qarşıda duran vəzifələrə diqqət çəkib: “Sosial infrastrukturla bağlı, - bu da daim diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək”.
Təhsil işçilərinə böyük ruh yüksəkliyi verən bu fikirlər hər birimizə öz fəaliyyətimizi müəyyənləşdirərkən bir daha gələcəyə baxmağa, həyata keçiriləcək işləri əhəmiyyətinə görə daha səmərəli şəkildə sıralamağa və sistemləşdirməyə sövq edir.
Durmadan inkişaf edən və yeniləşən Bakı təhsili ölkə təhsilinin flaqmanı kimi dövlətin qayğısına öz uğurları və parlaq nəticələri ilə cavab verir. Belə ki, ümumi təhsildə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır. Bütün bu uğurlar ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Təhsilə olan həssas münasibət son nəticədə müəllim peşəsinin nüfuzunun yüksəlməsində, cəmiyyətdə təhsilə olan müsbət yanaşmaların genişlənməsində və təhsil işçilərinin sosial müdafiəsinin möhkəmlənməsində özünü göstərir.
Həmçinin ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər ümumilikdə məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılmasına, daha hazırlıqlı və hərtərəfli yetişdirilməsinə zəmin yaradır".
İdarə müdiri bildirib ki, 2018-2019-cu tədris ilinə hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 44 məktəbi əhatə edən tədbirlər çərçivəsində yeni məktəb binaları inşa olunub, qəzalı vəziyyətdə olan tədris korpusları sökülərək yenidən tikilib, cari təmir və mühəndis kommunikasiya işləri aparılıb. Təhsil işçiləri üçün qürurvericidir ki, ölkə Prezidenti İlham Əliyev bir sıra məktəblərdə yaradılan şəraitlə tanış olub və açılış mərasimlərində iştirak edib.
“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil Nazirliyinin əmrinə əsasən, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində qazanılmış uğurlar davam etdirilir. Təhsil Nazirliyinin qarşımızda qoyduğu tələblərə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib və məqsədyönlü tədbirlərin həyata keçirilməsi işi uğurla davam etdirilir.
Təhsildə keyfiyyətin yüksəldilməsi ilə yanaşı, şəffaflığın qorunması və vətəndaş məmnunluğunun təmin olunması da fəaliyyətimizin əsasını təşkil edir. Neçə illərdir ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu prosesdə başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir. Ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, ümumilikdə qarşıya qoyulmuş məqsədə çatmaq, nəzərdə tutulan vəzifələri reallaşdırmaq mümkün olub.
Dövlət hesabına ümumi təhsil müəssisəsində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsilin əhatəliliyini 75 faiz həddinə çatdırmağa imkanlar yaradılıb. Bu, ümumi təhsildə keyfiyyətin artırılmasında və şagirdlərin tədris nailiyyətlərinin yüksəlməsində mühüm şərtlərdən biridir.
Diqqətə çatdırılıb ki, BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı ilə bitirən məzunların sayı ilbəil artmaqda davam edir. İstedadlı şagirdlərin müəyyənləşdirilməsi, onların gələcək inkişafı üçün addımlar atılması da hər zaman diqqət mərkəzindədir. Təsadüfi deyil ki, son illərdə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalardakı uğurları da yüksələn xətlə davam edir.
Azərbaycan dövlətinin sosial ədalət məsələlərinə yönəlmiş humanist siyasəti təhsil sahəsində də özünü büruzə verir. “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə ciddi nəticələr əldə olunub.
Təhsilin inkişafı ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün dövlətin təhsil işçilərinin üzərinə qoyduğu məsuliyyət nə qədər çətin olsa da, bir o qədər şərəflidir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir.

Tehsil-press.az



Oxşar xəbərlər