Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub

Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümü münasibətilə Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatı birgə tədbir keçirib.
Tədbirdə çıxış edən rektor, YAP Rəyasət Heyətinin üzvü Vilayət Vəliyev partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib, partiyanın yaranma tarixi barədə məlumat verib. Bildirib ki, hazırda partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Bu gün ölkədə aparılan siyasətin ən başlıca hədəfi gənclərin həyatda öz layiqli yerlərini tutmasıdır. Bunun da ən vacib istiqaməti təhsildir. Müharibə şəraitində olan ölkədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, eləcə də elm və təhsilin inkişafına xüsusi diqqət göstərilməlidir. Vilayət Vəliyev AzTU-nun 50 tələbəsinin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olduğunu, onlardan 10-nun Milli Qəhrəman adına layiq görüldüyünü xatırladıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun 4 məzunu - Müşfiq Orucov, Əbdülməcid Axundov, Mahir Quliyev və Elvin Mirzəyev şəhid olub.
Daha sonra çıxış edən Yasamal rayonu, Hüseyn Cavid 25, ərazi YAP ilk təşkilatının sədri Şikar Qasımov bildirib ki, hazırda partiyanın 750 min üzvü var. O partiyanın fəaliyyətində gənclərin rolunu xüsusi qeyd edib, ölkədə gənclər siyasətinin uğurla aparıldığını diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Əsmər Nəbiyeva rayonda gənclərlə bağlı aparılan işlərdən danışıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində çox çətin vəziyyətdə olub. Belə bir vəziyyətdə Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması və onun yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Bu gün ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amildir.
Tədbirdə AzTU-nun əməkdaşları və tələbələrindən 26 nəfərin YAP üzvlüyünə qəbul olunması ilə bağlı müraciətə baxılıb. Universitetin YAP üzvlüyünə yeni qəbul olan 13 tələbəsinə isə partiya vəsiqələri təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər