Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR təqaüdü”nü qazanıblar

Rusiyada təhsil alan azərbaycanlı tələbələr “AMOR təqaüdü”nü qazanıblar Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR təqaüdü” müsabiqəsində 18 azərbaycanlı tələbə qalib gəlib.
Müsabiqə çərçivəsində Rusiya Federasiyasında təhsil alan əlaçı tələbələrə maliyyə yardımı göstəriləcək. Layihə təhsildə fərqlənən gənclərə tam dəstəyin göstərilməsi və gənclərin təhsilə olan marağının stimullaşdırılması məqsədilə həyata keçirilir. Cari ildə koronavirus pandemiyası ilə əlaqədar olaraq müsabiqənin miqyası genişləndirilib və 18 tələbə təqaüd qazanıb. 2019-cu ildə keçirilən müsabiqədə isə 13 tələbə təqaüdə layiq görülmuşdü.
Müsabiqədə iştirak üçün sənəd qəbulu təşkilatın veb-saytı və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə elan olunub. Bütün müraciətlərə RAGB komandası tərəfindən müsabiqənin tələblərinə uyğun şəkildə baxılıb, müvafiq ixtisaslar üzrə məzunların və Rusiya Federasiyasının gənclər sahəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə müsahibələr keçirilərək qaliblər müəyyən edilib.
Müsabiqədə Rusiya Federasiyasının ali təhsil müəssisələrində əyani formada bakalavr və ya magistr təhsili alan əlaçı azərbaycanlı tələbələr iştirak ediblər.
Xatırladaq ki, RAGB Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin həmrəyliyi və onlara sosial, yaradıcılıq və təhsil sahəsində dəstəyin göstərilməsi məqsədilə 2009-cu ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər