Paşinyanın xalqına “sırıdığı” yalanların ömrü 44 gün oldu

Paşinyanın xalqına “sırıdığı” yalanların ömrü 44 gün oldu Sentyabrın 27-dən başlayan və 44 gün davam edən hərbi əməliyyatlar dövründə Ermənistan döyüş meydanı ilə yanaşı, informasiya məkanında da darmadağın edildi. İlk gündən yalan, həqiqəti əks etdirməyən informasiyalar yayan Ermənistan tərəfi bütün imkanlardan istifadə edərək acınacaqlı durumlarını erməni xalqından gizlətməyə çalışdı. Düşünmürdülər ki, bütün bu yalanlarının ömrü uzun olmayacaq.
Hərbi əməliyyatların ilk günündən başlayaraq baş nazir Nikol Paşinyandan Ermənistan Müdafiə Nazirliyinin təmsilçiləri Şuşan Stepanyana, Artsrun Ovannisyana və başqalarına qədər hamı hər gün yalan danışdı. Yaradılmış informasiya vakuumunda bu, müvəqqəti effekt versə də, son nəticədə hər şeyin üstü açıldı. Azərbaycan Ordusunun qazandığı uğurların Ermənistanda yarada biləcəyi böhran vəziyyətindən narahat olan Paşinyan və onun hakimiyyəti hər vəchlə bu uğurları inkar edir, həqiqəti əks etdirməyən informasiyalarla erməni əhalinin başını qatırdı.
Azərbaycan Ordusu ard-arda torpaqlarımızı işğaldan azad etdikcə, Artsrun Ovannisyan və Şuşan Stepanyan sosial şəbəkələrdə saxta kadrlar, video görüntülər yayaraq uğursuzluqlarını ört-basdır etməyə çalışırdı. Həmçinin A.Ovannisyan keçirdiyi mətbuat konfranslarında da bir qayda olaraq erməni xalqına uydurma nağıllar danışmaqla məşğul idi.
Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi vasitəsilə hazırlanan saxta kadrları yayan, sosial şəbəkələrdə özlərini “qalib” kimi təqdim edən Ovannisyan indi öz yalanlarının güdazına getdi. Erməni qoşunlarının geri çəkilməsini guya Azərbaycan Ordusunun itkilər verərək geri çəkilməyə məcbur edildiyi kimi təqdim edən Şuşan Stepanyan Şuşanın azadlığına qovuşduğu günədək hayasızcasına hələ də Hadruta guya ermənilərin nəzarət etdiyini söyləməkdə davam edirdi. Bu faktlar düşmənin illərdir yürütdüyü siyasətdə daxil olmaqla, bütün fəaliyyətinin yalanlar üzərində qurulduğunun isbatıdır.
Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatdı ki, müstəqil informasiya kanallarına, sosial şəbəkələrə müharibə bəhanəsi ilə çıxışı qapadılmış sadə ermənilər hətta Ermənistan ordusunun Bakıya çatdığını zənn etməyə başladılar. Müharibənin ilk günlərindən bütün cəbhəboyu geriləyən Ermənistan ordusu bəzi ermənilərin uydurmalarına görə, artıq Azərbaycanın digər tarixi torpaqlarını işğal etmək üçün döyüşür kimi qələmə verilirdi. Baqramyan-26 teleqram kanalı, Semen Peqovun “Wargonzo” layihəsi vasitəsilə döyüşlərin son gününə qədər açıq-aşkar saxtakarlıqla məşğul olan düşmən noyabrın 10-da döyüş meydanında olduğu kimi, informasiya məkanında da ağ bayraq qaldırmağa məcbur edildi.
Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanda sosial media hərbi əməliyyatların ilk günündən ciddi nəzarətə götürüldü, hakimiyyətin yarıtmaz siyasətinə qarşı mübarizə aparanların, həqiqətləri yazanların hamısı təqib və həbs edildi, bütün müxalif saytlar bağlandı, müstəqil səslər boğuldu. Ölkənin rəsmi informasiya mediası, hakimiyyətə bağlı olan KİV-lər, “müstəqil” ekspertlər isə sadəcə onlara verilən tapşırıqlar əsasında fəaliyyət göstərərək Ermənistan xalqını yanlış informasiyalarla aldatmaqla məşğul oldu, onu həqiqətlərdən tam kənarda saxladı.
Beləcə bütün dayaqlarını itirən Paşinyan xalqın olan qalan etimadından da məhrum oldu. Artıq Ermənistanda heç kim onun boş vədlərinə inanmır. İndi hakimiyyət daxilində Paşinyana qarşı olanların vəzifələrdən uzaqlaşdırılması, orduda həbslər aparması prosesinə start verən baş nazir çətin ki, bununla ağır durumdan çıxa bilə. Çünki illər uzunu məğlubedilməzliyinə inandırılmış və Azərbaycanın gücünü düzgün hesablamaqdan məhrum edilmiş erməni cəmiyyəti artıq həqiqətlə üz-üzədir, bilir ki, yalanların hamısı hakimiyyətin sifarişi ilə tirajlanıb. Ermənistanı bürümüş etiraz dalğasında əsas suallar da elə bu məqamlarla sıx bağlıdır.
Ermənistan hərbi-siyasi rəhbərliyi bütün bu yalanlarla yalnız öz xalqını aldada bildi. Çünki Azərbaycan bütün resurslardan səmərəli şəkildə faydalanaraq beynəlxalq ictimaiyyəti ən dəqiq informasiyalarla təmin edə bildi.
Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdəki fəaliyyətinə xüsusi diqqət yetirilməlidir. Bu müddət ərzində xarici KİV-lərə 30-a yaxın müsahibə verən dövlətimizin başçısı hər bir müsahibəsini də tutarlı arqumentlər üzərində quraraq bütün sualları əsaslı şəkildə cavablandırdı və Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını ifşa etdi.
Hərbi əməliyyatların düşmən ordusunun məğlubiyyəti ilə yekunlaşması həm də Ermənistan hərbi-siyasi rəhbərliyinin yalanlarının aşkara çıxması ilə nəticələndi. Bu gün Yerevan küçələrində, ölkənin parlamentində baş verələr həm də bu yalanların nəticələri kimi qiymətləndirilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər