Rektor Vətən müharibəsi iştirakçısı olan məzuna bakalavr diplomunu təqdim edib

Rektor Vətən müharibəsi iştirakçısı olan məzuna bakalavr diplomunu təqdim edib Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində Sənayenin təşkili və idarə olunması ixtisası üzrə ali təhsilini başa vuran, universitetin 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbəsi Rizvan Yusibovla görüşüb. Görüşdə MDU-nun müvafiq inzibati heyət üzvləri də iştirak ediblər.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü və universitetdən məzun olması münasibətilə R.Yusibovu təbrik edən rektor möhtəşəm qalibiyyətdə pay sahibi olduğu üçün MDU ailəsinin bütün üzvlərinin onunla qürur duyduqlarını bildirib.
Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda MDU-nun 4 əməkdaşının, 120 tələbə və məzununun iştirak etdiyini, 5 məzunun isə şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran Ş.Bayramov Vətən yolunda canından keçən qəhrəmanlarımıza rəhmət, qazilərimizə isə şəfa diləyib.
MDU-da görülən işlər barədə məlumat verən rektor gənclərin vətəninə, xalqına və dövlətinə layiq vətəndaş kimi yetişdirilməsinin diqqət mərkəzində saxlanıldığını bildirib və bununla bağlı həyata keçirilən tədbirlərdə qazilərin iştirakının önəmini vurğulayıb.
Səmimi görüşə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edən R.Yusibov qalib Ordunun qalib əsgəri kimi Vətənə xidmət etməkdən qürur duyduğunu bildirib.
Tələbələrin vətənpərvərlik ruhunda hərtərəfli inkişafına xüsusi önəm verən MDU-nun məzunu olmağı ilə fəxr etdiyini vurğulayan R.Yusibov qazandığı uğurların arxasında müəllimlərinin böyük zəhmətinin dayandığını qeyd edib və onlara minnətdarlığını söyləyib.
Sonra rektor Ş.Bayramov R.Yusibova bakalavr diplomunu təqdim edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Qeyd edək ki, R.Yusibov Prezidentin müvafiq sərəncamlarına əsasən, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Şücaətə görə" medalları ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər