Tikinti sektorunun təmsilçiləri AzMİU tələbələri ilə təcrübələrini bölüşüblər

Tikinti sektorunun təmsilçiləri AzMİU tələbələri ilə təcrübələrini bölüşüblər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təşkilatçılığı, Təcrübə və karyera mərkəzinin dəstəyi ilə “Uğur hekayəsi” adlı görüş keçirilib.
TEDx formatında təşkil olunan görüşdə tələbələr ATMİA üzvləri olan şirkətlərin rəhbərləri ilə ünsiyyətdə olub, onların uğur hekayələrini dinləyiblər.
ATMİA-nın Üzvlərlə iş şöbəsinin müdiri Nihad Haqverdiyevin moderatorluğu ilə keçirilən görüşün məqsədi iş mühitində müvəffəqiyyət qazanmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan spikerlərlə memarlıq və inşaat ixtisasları istiqamətində təhsil alan tələbələrin görüşünü gerçəkləşdirmək, onların karyera planlarına yön vermək, gənclərə sahibkarlıq istiqamətində dəstək vermək, bu yolda dəyərli məsləhətlər qazandırmaq olub.
Universitetin prorektoru Orxan Naqdiyev çıxış edərək sonuncu kurs tələbələri üçün təşkil olunan bu görüşün faydasına toxunub. O, AzMİU-da belə görüşlərin ənənə halını aldığını, universitet rəhbərliyinin də marağında olduğunu qeyd edib: “Universitet nə qədər keyfiyyətli təhsil versə də, gözəl şərait yaratsa da, son nəticədə bizim təhsilimizin göstəricisi işlə təmin olunma səviyyəsidir. Biz çalışırıq ki, istehsalat müəssisələri ilə əlaqələrimizi genişləndirək, praktik mütəxəssislərlə tələbələrin ünsiyyətinə nail olaq və yekunda onları gələcək iş mühitinə hazırlayaq”.
ATMİA–nın baş katibi Şahanə Sarı təmsil etdiyi təşkilatın fəaliyyəti barədə qısa informasiya verib. Təşkilata üzv olan rəhbərlərin uğur hekayələrinin sahibkarlığa maraq göstərən tələbələr üçün motivasiya olacağını deyib.
Görüşdə spiker qismində “A Klass Supply Chain" rəhbəri Cəmil Əkbərov, “Kahveci” MMC-nin həmtəsisçi və direktoru Aida Kahveci, “Huseynli Partners & Construction” şirkətinin rəhbəri Şaiq Hüseynli, “Aran Construction” şirkətinin icraçı direktoru Ayşən Abdullayeva, “Arbedo Group və FOAR” şirkətinin rəhbəri Orxan Çobanzadə, “Penetron Azərbaycan” şirkətinin direktoru Kirman Məmmədov, “Büro 7” şirkətinin rəhbəri Günel Ələsgərova iştirak ediblər.
Spikerlər karyera yolunda ilkin addımlar, sahibkarlıq fəaliyyəti, şəxsi inkişaf, qarşıya çıxan fürsətlər və onların dəyərləndirilməsi, əmək bazarının bugünkü tələbləri barədə təcrübələrini bölüşüblər.

Tehsil-press.az


Oxşar xəbərlər