Rusiyanın Krasnoyarsk diyarında mədən karxanasının divarının uçması nəticəsində 150 nəfər dağıntılar altında qalıb. Məlumata görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmisi Alyona Aleksişina deyib. Onun sözlərinə görə, hadisə səhər saatlarında diyarın Şimali Yenisey rayonu, Eruda qəsəbəsi yaxınlığında baş verib. Baş vermiş insident nəticəsində heç kim xəsarət almasa da, karyerdə 150 nəfər qalıb. Onlar yerin altında 300 metrdən 560 metrə qədər dərinlikdədirlər. Rusiya FHN-dən bildiriblər ki, divarın uçmasına səbəb, çox güman ki, qrunt suları olub. Hazırda hadisə yerində operativ qərargah işləyir, dağıntılar altında qalmış insanların təxliyyəsinə başlanılıb. "Evakuasiya qəza-xilasetmə avadanlığının köməyi ilə aparılır. Artıq 24 nəfər təxliyyə olunub. Gözləyirik ki, yaxın saatlarda əməliyyat başa çatacaq", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinin rəsmisi Aleksandr Yakimov bildirib. O əlavə edib ki, uçqun nəticəsində mədənə gedn yolun bir hissəsi dağılıb. "Hadisə yerində mədənçilərin xilas edilməsi üçün qərargah yaradılıb. Dağıntılar altında qalanları çıxarmaq üçün pilləkəndən istifadə olunur. İşçilər sahəni tərk etmək üçün təxminən 3 metr yuxarı qalxmalıdırlar".
Tehsil-press.az
Tehsil-press.az