Gürcüstanın məcburi hərbi xidmətdən imtinasına Azərbaycanın baxışı

Gürcüstanın məcburi hərbi xidmətdən imtinasına Azərbaycanın baxışı Azərbaycan Silahlı Qüvvələri da gec-tez peşəkar orduya keçməli olacaq.

Gürcüstan müdafiə nazirinin məcburi hərbi xidmətin ləğvi ilə bağlı parlamentə verdiyi təklif böyük ehtimalla qəbul olunacaq. Tehsil-press.az-a məsələ ilə bağlı rəy bildirən hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov Gürcüstan müdafiə naziri Tina Xidaşelinin müasir dövrün tələbinə uyğun addım atdığını deyib: «Gürcüstan NATO-ya yaxınlaşdıqca ordunu peşəkarlaşdırmağa məcbur olacaq. NATO-da hərbi çağırış yoxdur və ordu könüllülük prinsipi ilə peşəkar əsasda formalaşır. Düzdür, prezident Georgi Marqvelaşvili məsələyə razılıq verməyib, amma Gürcüstan gec-tez peşəkar orduya keçməli olacaq».
Gürcüstan müdafiə naziri Tina Xidaşelinin imzaladığı fərmana görə, ölkədə məcburi hərbi çağırış ləğv edilir və 2017-ci ildən hərbi xidmət müqavilə əsasına keçirilir. Lakin bu, həm hökumət başçısının, həm prezidentin, həm də parlament üzvlərinin narazılığına səbəb olub. Hazırda parlamentdə məsələ ilə bağlı müzakirələr gedir.

Gürcüstanın məcburi hərbi xidmətdən imtinasına Azərbaycanın baxışı
Tina Xidaşeli - Gürcüstanın müdafiə naziri

Üzeyir Cəfərov bu müzakirələrin müsbət nəticələnəcəyini güman edir: «Peşəkar ordu eyni xərclə, daha çevik və güclü ordu qurmağa imkan verir. Hərbi çağırışla orduya cəlb edilmiş 18-20 yaşlı əsgərin öyrədilməsi böyük xərclər tələb edir. Onlar bütün xidmət dövrünü təlimdə keçirirlər. Sonra da təxris olunurlar. Hansısa hərbi avadanlıqla bağlı məsuliyyət hissləri də eyni olmur. Çağırışla gəlmiş əsgərlər, ruslar demişkən, «əsgər yatır, xidmət gedir» prinsipi ilə xidmət edirlər. Amma peşəkar hərbçi bilir ki, avadanlığa bir şey olsa, ondan soruşacaqlar, maaşı və ya mükafatı kəsiləcək».
Polkovnik-leytenantın fikrincə, Azərbaycanın da gələcəkdə peşəkar orduyu keçməsi vacibdir: «Düşünürəm ki, bizdə bu istiqamətdə ilk addım kimi hərbi çağırış sayını 4-dən 2-yə endirmək lazımdır. 2 dəfəlik çağırış sovet dövründən sınaqdan çıxmış variantdır. İndi hərbi hissələrdə zabitlər və əsgərlər təlimlərdən baş aça bilmirlər».
Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan ordusunda müqaviləli əsgərlərin daha çevik və peşəkar olmasını aprel döyüşləri sübut etdi: «Aprel döyüşlərində əməliyyatlarda əsasən xüsusi təyinatlılar iştirak edib, sonra onların yerini çağırış əsgərləri tutub. Hazırda Azərbaycanın silahlı qüvvələrində 60-70 min əsgər var, 90 minə qədər əsgər saxlamağa ixtiyarımız var. Düşünürəm ki, bunların bir qismini peşəkarlarla əvəz eləmək olar. 3 peşəkar əsgər 10 çağırışçı əsgərdən daha güclüdür».
Əslində, Azərbaycan artıq bu yolla gedir. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan ordusunda 10 minə yaxın peşəkar əsgər var. Müqavilə əsasında xidmət göstərən bu əsgərlər usta, birinci dərəcə və ikinci dərəcə səviyyələrindən asılı olaraq 1200-1700 manata yaxın maaş alırlar. Təbii ki, belə yüksək maaş əsgəri həddindən peşəkar olmağa vadar edir.
Azərbaycan dövlətçiliyinin əsasında dayanan Xəzər xaqanlığı tarixin ilk müzdlu nizamlı ordusunu yaradıb. 12 min əsgəri olan bu ordu həmin dövrün süpergücləri - Bizans və Ərəb xilafəti ilə rəqabət aparmağa imkan yaradıb. Ərəb istilalarına qədərki dövrdə Tiflisdən Həmədəna qədər olan əraziləri öz nəzarətinə götürən həmin ordu sonradan Xilafətin təzyiqi ilə Şimali Qafqaza keçərək hakimiyyətini Bulqara və Dunaya qədər ərazilərə qədər yayıb. Azərbaycan da sələfinin yolu ilə gedərək supergüclərlə döyüşməyə qadir ordu yaratmalıdır.


Tehsil-press.az

Oxşar xəbərlər