Məktəblərdə ingilis dilini öyrənən şagirdlər üçün danışıq klubları yaradılır (FOTO)

Məktəblərdə ingilis dilini öyrənən şagirdlər üçün danışıq klubları yaradılır (FOTO) Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

İdarədən Tehsil-press.az-a verilən məlumata görə, layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin İngilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.
Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtın 12 inzibati rayon üzrə pilot məktəblərin ingilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunur.
Təlim zamanı danışıq klublarının təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi-müəllimlərə çatdırılır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılır. Təlim zamanı ingilis dili müəllimlərinin təklifləri dəyərləndirilir və onların müvafiq tələblərə uyğunluğu müzakirə olunur.
Təlimlər ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Boymer tərəfindən aparılır.
Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsidir.

Məktəblərdə ingilis dilini öyrənən şagirdlər üçün danışıq klubları yaradılır (FOTO)Məktəblərdə ingilis dilini öyrənən şagirdlər üçün danışıq klubları yaradılır (FOTO)

Tehsil-press.az

Oxşar xəbərlər