AZƏRBAYCAN

AZƏRBAYCAN Ax unudulmuş vətən, ax yazıq vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmlş evlərini bina etməyə üz qoydular.
Bəs sən hardasan, ay biçarə vətən?!
Dünya və aləm dəyişdi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənaların itirmişdi, qayıdıb əslini tapdı, inna ilahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dol, millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəninoi-bəşər üçün nicat yolu yoxdur.
Bununla bərabər, yəni “bavücuden inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünlərini çıxartdılar meydana və lakin bununla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyi-zəhləmi aparır-haman söz Azərbaycan vətənimin üstündədir.
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
──Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
──Mənim anam rəhmətlik Zöhrəbani bacı idi.
──Dilim nə dilidir?
──Azərbaycan dilidir.
──Yəni vətənim haradır?
──Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir.
──Haradır Azərbaycan?
──Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibadət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bəyaziddən ibarət olsun.

AZƏRBAYCAN

Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanlar Milli Komitəsində bir məsələyə baxıldl ki, aya bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun. Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izin verilsin ki, rusca danışsınlar. O ki, qaldı rus darüfünununu oxuyub başa çıxan bəzi üzvləri bunlara da izn verildi ki, rusca danışsınlar və həqiqətdə mən ki, gedib sümük sındırıb, illər ilə kafirlər içində əlimi murdar professorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bu günkü gündə oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər, -cəhənəmə düşmürdülər, gora düşmürdülər?!
O ki, qaldı Bakı qurudtaylarında olan səliqə, -bu barədə yaxşısı budur ki, heç danışmayım. Onsuzda düşmənimiz çoxdur, xəbərdar olar və gəlib baxıb qurultayımızda olan nəzmü-nizami görüb bizə göz vurarlar; çünki nədənsə bizim bədxahların hamısı bədnəzərdir.
Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?.. Ay topaq çörəyi yeyən Təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qüli-biyaban vətəndaşlarım, ey ərəbdilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır dünya və aləm dəyişildi hər bir şey öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçəpapaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz?!
Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!
Niyə sakitsiniz, ey mənim lüt-üryan qardaşlarım?!

“MOLLA NƏSRƏDDİN”
27 noyabr, 1917, N 24

Oxşar xəbərlər