“Azneft” İstehsalat Birliyinin baş direktoru Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşüb

“Azneft” İstehsalat Birliyinin baş direktoru Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşüb “Azneft” İstehsalat Birliyinin (İB) rəhbərliyi Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali Məktəbdə tələbələrlə keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov və professor-müəllim heyəti, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, baş direktorun müavinləri Ədalət Emilnov, Mehdi Vəliyev, Cəlair Səmədov, İnsan resursları departamentinin əməkdaşları, həmçinin digər struktur bölmələrinin rəisləri iştirak ediblər.
BANM-ın rektoru Elmar Qasımov “Azneft” İB-nin rəhbər nümayəndələrini BANM-da salamlayaraq bildirib ki, Ali Məktəbin tələbələri 2-ci kursdan başlayaraq istehsalat təcrübələrinə başlayır və “Azneft” İB-nin, eləcə də onun idarələrinin bu proqramların təşkil olunmasında rolu böyükdür.
“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov rektor Elmar Qasımova tələbələrlə görüş imkanının yaradılmasına görə təşəkkür edib və iştirakçılara “Azneft” İB-nin fəaliyyəti, iş prinsipləri, struktur bölmələri və işlənilən layihələr haqqında məlumat verib. Daşqın İskəndərov tələbələrə böyük maddi-texniki bazaya, hər cür şəraitə malik kampusda təhsil aldıqlarına görə çox şanslı olduqlarını bildirib.
Tədbirdə həmçinin "Azneft"in İstehsalat şöbəsinin rəisi Pərviz Əhmədov və Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev çıxış edərək əməkdaşlıqla bağlı təkliflərini irəli sürüblər. BANM-ın məzunu, hazırda “Azneft” İB-nin qazma departamentinin böyük mühəndisi Mustafa Əsgərov tələbələrlə öz uğur hekayəsini paylaşıb və müəssisədə karyera imkanları, karyera hazırlığı, inkişaf mərhələlərindən danışıb.
BANM-ın sonuncu kurs tələbələri müəssisənin rəhbərliyinə istehsalat təcrübəsi və karyera ilə bağlı onları maraqlandıran suallar ünvanlayıblar.
Görüşün sonunda rektor Elmar Qasımov “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərova Tələbələrin istehsalat təcrübələri və karyera imkanlarının yaradılmasında verdiyi töhfələrə görə təşəkkür edib və ona Ali Məktəbin “Fəxri qonaq” plaketini təqdim edib.
Qonaqlar həmçinin BANM-ın kampusuna tur edərək buradakı infrastrukturla yaxından tanış olublar.

BANM-ın Mətbuat Xidməti

Oxşar xəbərlər