ADU-da “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçirilib

ADU-da “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçirilib Azərbaycan Dillər Universitetində (ADU) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi və intibah ideyaları” mövzusunda respublika elmi konfransı keçirilib.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunduğunu qeyd edib. Rektor 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin Avropa səviyyəsində qeyd olunduğunu xatırladıb. Həmin dövrdən etibarən Nəsimi hərəkatının başladığını deyən rektor Nəsimi ruhunun bu gün də onun davamçılarının timsalında özünü göstərdiyini vurğulayıb. Kamal Abdulla bildirib ki, ölkə ədəbiyyatında, mədəniyyətində Nəsiminin bir qol kimi Azərbaycan mənəviyyatının araşdırılması, tanıdılması istiqamətində görülən nəhəng işlərdən biridir. Nəsiminin multikultural dəyərlərə verdiyi töhfələrindən danışan rektor hazırda görkəmli xadimlər, ədəbiyyat nümayəndələri tərəfindən Nəsimi ideologiyasının davam etdirilib, yaşadığını diqqətə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva universitetlə bağlanan əməkdaşlıq müqaviləsi çərçivəsində birgə fəaliyyət göstərərək bir çox konfransların, tədbirlərin həyata keçirildiyini qeyd edib. O, həmçinin əməkdaşlığa görə ADU rəhbərliyinə təşəkkürünü bildirib. G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun keçirdiyi beynəlxalq tədbirlərdən söz açıb. O, bu yaxınlarda Şotlandiyada Nəsimi poeziyası gecələrinin yüksək səviyyədə keçirildiyini xatırladıb. Gerçək sənətin sərhədləri keçdiyini bildirən G.Əfəndiyeva Nəsimi fəlsəfəsinin də bu nöqteyi-nəzərdən heç bir cahana sığmadığını, çərçivələrdən çıxdığını sözlərinə əlavə edib.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, ADU-nun müəllimi Marko Brinyone çıxış edərək Nəsimidə insan konsepsiyasından söz açıblar.
Professor Qəzənfər Paşayev, İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov, türkoloq Fikrət Türkmən, professor Cəlil Nağıyev, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Nəsimi yaradıcılığının incəliklərindən danışıblar, Nəsiminin bu gün də yaşadığını və yaşayacağını bildiriblər.
ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Sevinc Zeynalova konfransın işi haqqında məlumatla iştirakçıları tanış edib.
Konfrans “Nəsimi və müasirlik”, “Nəsimi və bəşəri ideyalar” və “Nəsimi hürufizmi dünya ədəbi-fəlsəfi fikir kontekstində” mövzusunda bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında ADU və ölkənin digər ali təhsil müəssisələrinin müəllimlərinin Nəsimi həyatı və yaradıcılığı, ənənələri, fəlsəfi görüşləri, poeziyası, hürufilik ideyaları haqqında məruzələri dinlənilib.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər