Professor Qorxmaz Quliyevin yeni tərcümə kitabı çap olunub

Professor Qorxmaz Quliyevin yeni tərcümə kitabı çap olunub Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin orijinaldan tərcümə etdiyi Mişel Fukonun “Sözlər və nəsnələr” adlı kitabı çap olunub.
Kitab fransız filosofun Azərbaycan oxucusu ilə ilk görüşüdür. Yazıçı bu əsərində fikir tarixi və sosial təsisatlara yeni yanaşma prinsiplərini ifadə edir. Kitabda Fukonun üzə çıxardığı və həll etməyə cəhd göstərdiyi əsas problem “Bizim dərk etdiyimiz dünya nəsnələrin təzahürüdür?” yoxsa “Bizim nəsnələri qavramağımızı nizamlayan xüsusi mexanizmlərin fəaliyyətidir?” suallarına cavab vermək cəhdi ilə bağlıdır.
Kitaba giriş yazan professor Qorxmaz Quliyev qeyd edib ki, azərbaycanlı oxucunun XX əsr ictimai-humanitar fikrinin inkişafının magistral yollarından birinin müəyyən olunmasında, keçən yüzilliyin 50-ci illərindən bəri strukturalizmin, poststrukturalizmin, postmodernizmin formalaşmasında əlahiddə xidmətləri olan Mişel Fukonun yaradıcılığı ilə tanış olması zəruridir. Ərsəyə gəldiyi gündən etibarən ətrafında indinin özündə də qızğın mübahisələrin səngimək bilmədiyi “Sözlər və nəsnələr” əsəri XX əsr ictimai-humanitar fikrinin inkişafında mühüm rol oynayıb və oynamaqda davam edir.
476 səhifədən ibarət olan kitabın yaxın günlərdə ədəbi ictimaiyyətə təqdimatı keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi



Oxşar xəbərlər