Azərbaycan Dillər Universitetində ədəbi-bədii gecə: iki dünyanın şairi

Azərbaycan Dillər Universitetində ədəbi-bədii gecə: iki dünyanın şairi Azərbaycan Dillər Universitetinin (ADU) Xarici ölkələr ədəbiyyatı kafedrası, Bakı Amerika Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov Nəsiminin Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ədib olduğunu söyləyib. Qeyd edib ki, ADU-da Nəsimi ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
N.Məmmədov “Sığmazam” qəzəli ilə Nəsiminin hər iki dünya üçün tarixi və fəlsəfi baxımdan böyük tutumlu fikir dediyini bildirib, bu istiqamətdə hazırlanan tədbirdən hamının zövq alacağına əminliyini bildirib. Nəsiminin yad edilməyə layiq olduğunu söyləyən prorektor yalnız bir il deyil, tariximizin çox illərinin dahi şairə həsr oluna biləcəyini vurğulayıb. O, tədbir iştirakçılarına Nəsimi yaradıcılığı ilə zənginləşməyi arzu edib.
Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Şəhla Nağıyeva Nəsiminin yad edilməsi baxımından hər kəsin öhdəsinə mənəvi borc düşdüyünü deyib. Ş.Nağıyeva Azərbaycanın ABŞ-dakı səfirliyinin oradakı Vaşinqton Piano İncəsənəti Şurası ilə birgə təşkil etdiyi Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun bəstələdiyi musiqi haqqında da məlumat verib.
Həmin musiqinin təqdimat mərasimindən videogörüntülər nümayiş olunduqdan sonra mahnı tədbir iştirakçılarına təqdim olunub. Tədbirə canlı bağlantı ilə qoşulan bəstəkar mahnının yaranma tarixi barədə təəssüratlarını bölüşüb.
Ədəbi gecədə universitetin tələbələri Nəsimi yaradıcılığının dünyəvi keyfiyyətləri, bəşəri duyğuları mövzusunda Azərbaycan və ingilis dillərində tədbir iştirakçılarına məlumat veriblər, hər iki dildə Nəsiminin şeirlərini söyləyiblər.
Sonra “Nəsimi” filmindən fraqmentlər göstərilib, Xalq artisti Alim Qasımovun ifasında şairin “Ayrılır” qəzəlindən bir parça səsləndirilib.

ADU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər