Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-STP ilə əməkdaşlığa başlayır

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti SOCAR-STP ilə əməkdaşlığa başlayır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı mayın 5-də SOCAR-STP birgə müəssisəsində olub.
Müəssisənin baş icraçı direktoru Fərid Ağayevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Müəssisə haqqında məlumat verən Fərid Ağayev burada təcrübəli texniki heyətin çalışdığını, lakin SOCAR-STP-nin qısa müddətdə istehsalın həcminin artırılmasını hədəflədiyini, bununla əlaqədar yeni kadrlara tələbatın yarandığını və ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
Mustafa Babanlı SOCAR-STP-nin dünyanın qabaqcıl şirkətlərindən birinə çevrilməsi üçün tələb edilən bütün keyfiyyətlərə sahib olduğunu bildirib. Hazırda ADNSU-da ölkədə tədris olunan 30-dək texniki-texnoloji ixtisasdan 23-ü üzrə tədrisin aparıldığını qeyd edən rektor SOCAR-STP-nin əməkdaşlıq təklifinin universitet üçün cəlbedici olduğunu vurğulayıb. O, ADNSU ilə SOCAR-STP arasında əməkdaşlığın bir neçə istiqamət üzrə mümkün olduğunu, daha sonra bu sahələrin sırasının genişlənə biləcəyini bildirib.
Görüşdə tərəflər koronavirusa qarşı mübarizə ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində SOCAR-STP-nin iş yeri təklifinin ADNSU-nu bu il bitirəcək məzunlar üçün xoş sürpriz olmaqla yanaşı, Azərbaycan hökumətinin yeritdiyi sosial siyasətlə də uzlaşdığı qeyd olunub. Əməkdaşlığa dair sənədin qısa müddət ərzində hazırlanması üçün ikitərəfli komissiyanın yaradılmasına dair razılıq əldə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər