Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir

Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr sırasında ilk üçlükdədir Bəlkə də tarixdə ilk dəfədir ki, qeyri-iqtisadi hadisə bu qədər dərin böhran yaradır. Hazırda dünya iqtisadiyyatı dərin tənəzzül keçirir və bunun nə vaxta qədər davam edəcəyi ilə bağlı fikir söyləmək çətindir. Bu böhran təkcə iqtisadiyyatı tənəzzülə uğratmayıb, eyni zamanda, psixoloji gərginliyin artmasına, rifahın azalmasına təsir göstərib.
AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov deyib.
O bildirib ki, pandemiya dövrünün əsas çətinliyi bir-biri ilə ziddiyyət təşkil edən, iqtisadi qanunauyğunluğa tabe olmayan problemlərin paralel şəkildə həll edilməsidir. Çünki bir tərəfdən virusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən karantin rejimi, insanların hərəkətinin və biznes sektorunun fəaliyyətinin məhdudlaşdırılmasını zərurətə çevirib. Digər tərəfdən də iqtisadi zərərin minimallaşdırılması, biznes subyektlərinin müflisləşməsinin qarşısının alınması, karantin səbəbindən işini itirən insanların sosial müdafiəsinin təmin edilməsi tələb olunur.
Azərbaycanda pandemiya ilə mübarizədə virusun insan sağlamlığına yaratdığı təhlükə bütün digər problemlərin önünə keçdi. Ölkədə sərt karantin rejiminin tətbiqi ilə istehsal və xidmət sektorunda şirkətlərin fəaliyyəti məhdudlaşdırıldı, insanların sərbəst hərəkəti, kütləvi tədbirlərin keçirilməsi qadağan olundu, sərnişin daşınmasında daxili və beynəlxalq nəqliyyat əlaqələri dayandırıldı. Bütün bunlar virusun yayılmasının qarşısının alınması və ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədini daşıyırdı.
Ölkələrdə tətbiq edilən məhdudiyyətlər iqtisadi fəallığın zəifləməsinə, iqtisadi geriləməyə səbəb oldu və təbii ki, bu qanunauyğundur. Hazırda bütün dünyada iqtisadi geriləmə davam etməkdədir. Çünki insanların hərəkətinin məhdudlaşdırılması ilə yanaşı, iqtisadi fəallığın davam etdirilməsi qeyri-mümkündür. İnsanların çalışması, hərəkəti əlavə dəyərin yaranması, iqtisadi artım deməkdir.
İndiki mərhələdə pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərəri konkret rəqəmlərlə (operativ statistik məlumatın olmaması və pandemiyanın davam etməsi səbəbindən) ifadə etmək çətindir. Karantin rejiminin tətbiq olunması ilə iaşə, nəqliyyat, turizm və digər qarşılıqlı fəaliyyət sahələri ciddi mənfi təsirə məruz qalıb. Ən çox təsirə məruz qalan sahələrdən biri mikro və kiçik biznesdir.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və insanların hərəkət intensivliyini minimallaşdırmaq məqsədilə biznes sektoruna tətbiq edilən məhdudiyyətlər makroiqtisadi göstəricilərə də mənfi təsir göstərdi. Sərt karantin rejiminin tətbiq olunduğu aprel ayında məhsul və xidmətlər istehsalı kəskin şəkildə azaldı. 2020-ci ilin məhsul və xidmət istehsalının aylar üzrə dəyişməsinə nəzər salsaq, aprel ayında kəskin azalma müşahidə etmiş olarıq. Belə ki, cari ilin əvvəlki ayları ilə müqayisədə, mart-aprel aylarında ümumi daxili məhsul (ÜDM) istehsalında geriləmə olub.
Lakin Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək. Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsi sırasında Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.
“Hazırda dövlətlər (hökumətlər) insanların sağlamlığını qorumaqla yanaşı, böhrandan daha az zərərlə çıxmaq, iqtisadi fəallığı daha qısa müddətdə bərpa etmək üçün müxtəlif tədbirlər həyata keçirir, fundamental iqtisadi araşdırmalara əsaslanan proqram və konsepsiyalar hazırlayırlar. Azərbaycan dövləti də pandemiya dövrünü az zərərlə başa vurmaq və post-pandemiya dövründə iqtisadi fəallığı qısa müddətdə bərpa etmək üçün yollar axtarır”, - deyə dosent Allahyar Muradov qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər