Azərbaycan Texniki Universitetinin İctimai Şurasının onlayn iclası keçirilib

Azərbaycan Texniki Universitetinin İctimai Şurasının onlayn iclası keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) İctimai Şurasının onlayn iclası keçirilib.
İctimai Şuranın sədri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, iclasın keçirilməsində məqsəd yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.
Daha sonra AzTU-nun rektoru Vilayət Vəliyev çıxış edib. O, eyni zamanda, yeni tədris ilində magistrlərin işə qəbulu, tədris prosesinin və akademik yüklərin optimallaşdırılması barədə məlumat verib.
Bildirilib ki, pandemiya səbəbindən dərslər onlayn formada başlayacaq. Ötən tədris ilinin ikinci semestrindən fərqli olaraq onlayn dərslərin texniki təminatı daha da təkmilləşdirilib. Dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri həyata keçirilib. Eyni zamanda, internet problemi olan tələbələrin onlayn dərslərə qoşulması üçün onlar internet paketi ilə təmin ediləcək.
Texniki xarici dilin öyrədilməsinin vacibliyini qeyd edən rektor AzTU-da müvafiq istiqamətdə tədrislə bağlı da yeni qaydaların tətbiq edildiyini bildirib. Belə ki, Türkiyənin OSTİM Texniki Universitetinin planı əsasında aparılacaq tədris 4 səviyyədə aparılacaq. AzTU-nun 2020-2030-cu illər üzrə strateji inkişaf planı hazırlanıb və görüləcək işlər sənəddə qeyd olunan ardıcıllıqla davam etdirilir.
İclasda AzTU-nun İctimai Şurasının üzvləri - Milli Məclisin deputatları Zahid Oruc və Etibar Əliyev, professor, ictimai-siyasi xadim Şahlar Əsgərov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və universitetin Ağsaqqallar Şurasının üzvü Vaqif Mövlazadə görülən işlərlə bağlı fikirlərini bildirib və təkliflər veriblər. AzTU-da son dövrlərdə gedən islahatlar, o cümlədən onlayn tədrislə bağlı görülən işlər müsbət qiymətləndirilib. Bu təcrübənin digər ali təhsil müəssisələrində də tətbiq olunmasının vacibliyi diqqətə çatdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər