BDU-da onlayn tədbir: İnternet media və informasiya təhlükəsizliyi

BDU-da onlayn tədbir: İnternet media və informasiya təhlükəsizliyi Bakı Dövlət Universitetinin (BDU) Filologiya, Mexanika-Riyaziyyat, Kitabxanaçılıq-İnformasiya fakültələrinin Tələbə Gənclər təşkilatlarının (TGT) təşəbbüsü ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “İnternet media və informasiya təhlükəsizliyi” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin TGT sədri Cəfər Gözəlov qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətlə yeniləndiyini, Azərbaycanın bu sahənin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. O, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın internet medianın inkişafı üçün böyük perspektiv açdığını, bu sənədin informasiya təhlükəsizliyinin təmin olunmasında müsbət rolunu diqqətə çatdırıb.
Filologiya fakültəsi üzrə TGT sədrinin müavini Ələkbər Həsənov informasiya müharibəsi haqqında məlumat verib. Vurğulanıb ki, Vətən müharibəsi dövründə informasiya müharibəsi davam edib. Azərbaycan həm hərb, həm siyasət, həm də informasiya müharibəsində Ermənistanı məğlub edib.
Sonra Mexanika-riyaziyyat fakültəsinin TGT sədrinin müavini Sevinc Pənahova, Kitabxanaçılıq-informasiya fakültəsinin TGT sədri Aysun Quliyeva elektron informasiya təhlükəsizliyi, konfidensial və fərdi məlumatların mühafizəsi üsulları, virtual mühitdə informasiya üçün təhlükə yaradan daxili və xarici faktorlar, kitabxanalarda konfidensial məlumatlardan istifadə qaydaları, mühafizə tədbirləri və digər məsələlərdən bəhs ediblər. Bildirilib ki, cəmiyyətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.
Tədbir tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər