“Azərbaycan şərqşünaslığı" jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Azərbaycan şərqşünaslığı Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı" jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Jurnalın bu nömrəsi rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki Qələbəsinə həsr olunub. Oxuculara Vətən müharibəsində Qələbə ilə bağlı Prezident İlham Əliyevin xalqa müraciəti, Şərqşünaslıq İnstitutunda keçirilən tədbir haqqında məlumat və digər yazılar təqdim edilir. Eləcə də istər Tovuz hadisələri, istər də Vətən müharibəsi dövründə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının dünyanın müxtəlif ölkələrinin ərəb və farsdilli televiziya və radio kanallarında, mətbu orqanlarında, saytlarında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaları barədə məlumat verilir.
Jurnalda, həmçinin Abay Kunanbayevin 175 illiyi ilə bağlı nəşr, tədbirlər haqqında məlumat və görkəmli qazax ədibinin yaradıcılığına dair elmi məqalələrlə tanış olmaq mümkündür. Jurnaldakı elmi məqalələr sırasında görkəmli şərqşünas alim Aida İmanquliyevanın fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı, S.C.Pişəvərinin İran Xalq Partiyasına üzvlüyü, “Munisnamə”də adları çəkilən bəzi sufilər, Həsən Məcidzadə Savalanın əsərlərində xalq adət və ənənələrinin əksi, İslam dünyasında fəlsəfi məktəblər və digər məsələlər barədə yazılar da yer alır.
Yeni nömrədə, həmçinin Şərqşünaslıq İnstitutunun son tədqiqatları, beynəlxalq əlaqələri, bu elmi müəssisədə əldə edilən uğurlar, çap olunan kitablar, keçirilən tədbirlər barədə də məlumat almaq olar.

Tehsil-press.az



Oxşar xəbərlər