Xarici dillər üzrə qiymətləndirmə vəsaitlərinin təkmilləşdirilməsinə dair layihə çərçivəsində təlimlər davam edir

Xarici dillər üzrə qiymətləndirmə vəsaitlərinin təkmilləşdirilməsinə dair layihə çərçivəsində təlimlər davam edir Dövlət İmtahan Mərkəzi (DİM) üç mərhələdən ibarət “Xarici dillər üzrə fənn kurikulumu, tədris və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirir.
Layihənin II mərhələsinin məqsədi intensiv təlim və konsultativ görüşlər vasitəsilə siniflər üzrə kommunikativ danışıq və yazı materiallarını əhatə edən dərsliklərin yazılmasına dəstək göstərməkdir. Layihənin II mərhələsi yanvarın 11 –dən martın 18-dək olan dövrü əhatə edir və artıq bu mərhələ çərçivəsində keçirilən təlim və konsultativ görüşlərin 2 həftəsi geridə qalıb. Bu müddət ərzində DİM, Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri beynəlxalq ekspert Nathan Carrın bələdçiliyi ilə dərsliklərdə əhatə olunmalı mövzular, bacarıqlar və tapşırıq növləri barədə aktiv müzakirələr aparıb, bu istiqamətdə yeni bilik və bacarıqlara yiyələniblər.
Yanvarın 21-də keçirilən təlim sessiyasında ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri - mədəniyyət və təhsil işləri üzrə müşavir Richard Pinkham və təhsil proqramları üzrə mütəxəssis Raminə Mürşüdova da iştirak edib, layihəyə cəlb edilən yerli ekspertlərlə fikir mübadiləsi aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər