Ermənilərin əsgər problemi ciddiləşdi - Böhran

Ermənilərin əsgər problemi ciddiləşdi - Böhran Demoqrafiya sahəsində Ermənistanın üzləşdiyi problem cəbhədə aprelin əvvəllərində məlum döyüşlərdən sonra daha geniş miqyas almağa başlayıb.

Tehsil-press.az xəbər verir ki, bu haqda məlumatı rəsmi “Azərbaycan” qəzeti yayıb. Qəzetin xəbərində bildirilir ki, düşmən ölkədə əsas etibarilə gənc nəslin nümayəndələrinin son günlərdə Ermənistanı daha çox sayda tərk etmələri müşahidə olunur. Buna əsas səbəb onların orduya çağırılmalarından ehtiyat etmələridir. Qəzet yazır ki, son mənzərənin təhlili göstərir ki, həm müharibə qorxusu, həm də dərinləşən sosial-iqtisadi problemlər ermənilərin başqa ölkələrə köçünü sürətləndirir.
Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır ki, ermənilər kütləvi şəkildə Rusiyaya və digər ölkələrə köçürlər. Qeyd olunur ki, bu fonda Ermənistandan Rusiyaya pul köçürmələrinin miqdarı ötən ilə nisbətən artıb: “Əgər Ermənistandan Rusiyaya ötən ilin birinci üç ayında 28,6 milyon dollar köçürülmüşdüsə, bu ilin analoji dövründə bu göstərici 42,2 milyon dollar təşkil edib. Müşahidələr göstərir ki, bu artımın səbəbi həmyerlilərimizin uzun müddətdir ki, işlədiyi Rusiyaya öz ailələrini də aparmalarıdır. Həmçinin Rusiyada yaşayan ermənilər öz əmlaklarını aparırlar”.
Qəzet daha sonra yazır ki, əslində, Ermənistandan digər xarici ölkələrə pul köçürmələrinin miqdarı da artıb. Məsələn, ötən ilin ilk aylarında Ermənistandan xarici dövlətlərə 79 milyon dollar köçürmə həyata keçirilibsə, bu il həmin göstərici 88 milyon dollara bərabər olub. Bu, təxminən 10 faiz artım deməkdir. Ermənistandan çıxan pulun miqdarı artsa da, ölkəyə daxil olan maliyyə vəsaitinin miqdarı azalıb. Ermənistan Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübündə Ermənistana göndərilən pulun həcmi 45,3 milyon dollar olub. Bu, ötən ilə nisbətən təxminən 10 faiz azdır.

Ermənilərin əsgər problemi ciddiləşdi - Böhran

Erməni mediası yazır ki, bütün bunlara səbəb əhalinin əksəriyyətinin Ermənistandakı sosial vəziyyətin pis olmasına görə ölkəni tərk etməsindən qaynaqlanır. Bu durumda insanların ölkəni tərk etməsi və əmlaklarını dəyər-dəyməzinə satıb xaricdə yerləşməsi geniş vüsət alır. Hətta rəsmi qurumlar da problemin dərinləşdiyini etiraf edirlər. Məsələn, Ermənistan Milli Statistika Xidmətinin hesabatına görə, 2016-cı il aprelin 1-nə burada daimi yaşayanların sayı 2 milyon 944 min 400 nəfər olub. Hesabatda qeyd olunur ki, aprelin 1-nə Ermənistan əhalisinin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, yəni 12 min 300 nəfər azalıb. İlin əvvəlindən 4 min 200 nəfər azalma qeydə alınıb.
Milli Statistika Xidmətinin hesabatında bildirilir ki, bu il 1970-ci illərdən bəri Ermənistan əhalisinin sayı 3 milyon nəfərdən azdır. Müstəqil mənbələr isə bildirir ki, əslində, Ermənistanı daha çox sayda insan tərk edib və onların bəziləri hələ qeydiyyatdan çıxmadığı üçün burada yaşayan sakin kimi göstərilir. Reallıqda isə bu şəxslərin böyük əksəriyyəti uzun müddətdir ki, Ermənistandan uzaqda yaşayır.
Ermənistandakı “Yeni dövr” partiyasının sədri Aram Karapetyan bu vəziyyətə görə bütün məsuliyyətin Serj Sarkisyan iqtidarının üzərinə düşdüyünü bildirir: “Serj Sarkisyanın komandası neçə illərdir ölkəni talayıb, onu bugünkü acınacaqlı vəziyyətə salıb. İndi imkanı olan Ermənistandan qaçır. Azərbaycanla müharibə təhlükəsi bu prosesi bir qədər də sürətləndirir. Problem çox böyükdür”.

Ermənilərin əsgər problemi ciddiləşdi - Böhran

Dərinləşən demoqrafiya problemi erməni ordusunun canlı qüvvə ilə təminatı baxımından da böyük çətinliklər yaradır. Xüsusən də işğal altındakı Azərbaycan ərazilərinə Ermənistanın Müdafiə Nazirliyi canlı qüvvə göndərmək baxımından daha böyük problemlərlə qarşılaşır. Bu səbəbdən də Dağlıq Qarabağa indi səhhətlərinə görə hərbi xidmətə yararlı olmayan şəxslər də göndərilir. Erməni mediası buna konkret misal kimi Ermənistanın Araqaston rayonunun Çarçakis kənd sakini, milliyyətcə yezdi kürdü olan Tosun Amoyanın əlil olmasına rəğmən Dağlıq Qarabağa hərbi xidmətə göndərildiyini yazır.
Yerevandakı “Epress” Müstəqil Jurnalistlər Şəbəkəsinin verdiyi məlumata görə, onun ciddi cərrahiyyə əməliyyatına ehtiyacı olmasına rəğmən nə əməliyyat olunub, nə də müvafiq müalicə alıb. Ermənistandakı yezdilərin “Sincar” Milli Birliyi hələ iki ay əvvəl müdafiə naziri Seyran Ohanyana müraciət edərək Amoyanın səhhətində problemlər olduğunu bildirmişdi. Lakin bu müraciətə baxılmayıb.

Ermənilərin əsgər problemi ciddiləşdi - Böhran

Yararsız əsgərin atası Rzqan Amoyanın dediyinə görə, oğlunun qollarında problemlər var: “O, ağır əşyalar qaldıra bilmir. Oğlum hərbi xidmətdən yayınmır. Yeganə istədiyim onun əməliyyat olunmasıdır. Oğlum hələ hərbi xidmətə çağırılmazdan əvvəl cərrahiyyə əməliyyatına ehtiyacı vardı. Amma çağırış məntəqəsində oğlumun problemlərinə fikir vermədilər. Tosunu müayinə üçün xəstəxanaya yolladılar, orada da “heç bir problem yoxdur” dedilər. Tosunu müalicə üçün Marqaryandakı xəstəxanaya apardım. Lakin 10 gün sonra onu hərbi xidmətə yolladılar”.
Erməni mediası yazır ki, əslində, belə misalların sayı yüzlərlədir. Hakimiyyət isə artan demoqrafik problemlər üzündən bunlara qətiyyən əhəmiyyət vermir. Bu səbəbdən yaranan problem iqtidara qarşı narazılıqları daha da gücləndirir.

Ermənilərin əsgər problemi ciddiləşdi - Böhran


Tehsil-press.az

Oxşar xəbərlər