Qərb Universitetində ekologiya mühəndisliyi ixtisası üzrə kadrlar hazırlanacaq

Qərb Universitetində ekologiya mühəndisliyi ixtisası üzrə kadrlar hazırlanacaq Qərb Universitetində növbəti tədris ilindən ekologiya mühəndisliyi ixtisası üzrə kadrlar hazırlanacaq.
Hazırda bu ali məktəbdə həmin ixtisasın tədris proqramının təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin də cəlb olunduğu işçi qrup yaradılıb, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə öyrənilir və tətbiqi üçün işlər aparılır.
Eyni zamanda, ən yüksək standartlara cavab verən laboratoriyaların qurulması istiqamətində addımlar atılıb. Laboratoriyaların təşkili bu sahədə böyük təcrübəsi olan Almaniya şirkətləri ilə birgə həyata keçirilir. Ən müasir cihazlarla təchiz olunacaq laboratoriyalarda aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.
Qeyd edək ki, ekologiya mühəndisliyi ixtisasının tələbələri bir sıra müvafiq dövlət qurumlarında və aparıcı özəl şirkətlərdə təcrübə keçəcəklər. Universitet bu istiqamət üzrə beynəlxalq layihələrə qoşulmağı, tələbələrinin müxtəlif beynəlxalq proqramlarda iştirakını təmin etməyi planlaşdırır. Tələbələrin dünyanın nüfuzlu universitetlərində təcrübə keçmələri üçün də müvafiq işlər aparılır.
İxtisas üzrə tullantısız istehsal prosesləri, tullantıların təkrar emalı, ətraf mühitə təsirin qiymətləndirilməsi, mühəndisi geodeziya, ekoloji ekspertiza və layihələndirmənin əsasları, alternativ enerji mənbələri, ekoloji səmərəli texnologiyalar, ekoloji modelləşdirmə, ekoloji proqnozlaşdırma, informatika və ekoloji proseslərin kompüter analizi istiqamətləri üzrə tədris həyata keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər