Bakıda fəaliyyət göstərən əcnəbi diplomatlar Novruz adətlərini nümayiş etdiriblər

Bakıda fəaliyyət göstərən əcnəbi diplomatlar Novruz adətlərini nümayiş etdiriblər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dövlət Rəssamlıq Akademiyasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” mövzusunda beynəlxalq festival işə başlayıb.
“İslam Həmrəyliyi İli”nə həsr edilən festival çərçivəsində Dövlət Rəssamlıq Akademiyasında elmi-praktik konfrans keçirilib. Bakıdakı diplomatik nümayəndəliklərin təmsil etdikləri xalqların Novruz adətləri tədbirin əsas mövzusu olub.
Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Azərbaycanın həmişə multikultural dəyərləri ilə fərqləndiyini diqqətə çatdırıb. Bildirilib ki, müxtəlif xalqların ölkəmizdə azad, sərbəst, tolerant mühitdə yaşamaları bu ərazinin İpək Yolu üzərində yerləşməsi ilə əlaqədardır. Azərbaycanda Novruzun çox qədim dövrlərdən qeyd edildiyini deyən Ö.Eldarov vurğulayıb ki, Qobustan qayalarında həkk olunan rəsmlərdə də bu izlərə rast gəlinir.
Novruzun dostluq, qardaşlıq, əmin-amanlıq bayramı olduğunu bildirən Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bu bayramda savaşa, küsülülüyə, ayrılığa yer olmadığını diqqətə çatdırıb, hamını dost, qardaş və mehriban olmağa çağırıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov vurğulayıb ki, Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi tolerantlıq istiqamətindəki davamlı siyasətin məntiqi nəticəsidir. Dünyanın hazırkı mənzərəsinin aqressiya, kin, dağıdıcılıq xətləri ilə ştrixləndiyini deyən G.İsmayılov bu vəziyyətdən çıxış yolu kimi, yaxşıların ittifaqının yaranmasını təklif edib. Bildirilib ki, bütün insanların əcdadının bir olduğuna görə, İslam Həmrəyliyi insanları həm İslam, həm də bəşər qardaşlığına çağırır.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana “Hindistanın Sifi və digər ənənələrində yaz” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Hindistanda “Basant” adı ilə qeyd olunan Bahar bayramının əsas atributu sarı rəngdir. Xardal rəngi kimi təqdim olunan sarı rəng yeni həyata başladıqlarına inanan hindistanlıların bütün məişətlərini bəzəyir.
Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydinin “Şam ən-Nəssim - Bahar bayramı”, Bakıdakı İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimlinin “Novruz - sülh və əmin-amanlıq körpüsü”, Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Saki Uçidatenin “Yaponiyada bahar”, sənətşünaslıq elmləri doktoru, professor Kübra Əliyevanın “Azərbaycan xalqının milli-ənənəvi bayramı”, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Piriağa İsmayılzadənin “Novruz bayramı türk xalqlarının mənəvi dəyərlər sistemində” mövzularında məruzələri dinlənilib.
Sonda tədbir iştirakçıları Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgi və ölkəmizdəki səfirliklər tərəfindən hazırlanmış Novruz guşəsi ilə tanış olublar.
Festival martın 17-dək davam edəcək.

Hüseyn Şərifov


Bakıda fəaliyyət göstərən əcnəbi diplomatlar Novruz adətlərini nümayiş etdiriblərBakıda fəaliyyət göstərən əcnəbi diplomatlar Novruz adətlərini nümayiş etdiriblərBakıda fəaliyyət göstərən əcnəbi diplomatlar Novruz adətlərini nümayiş etdiriblər

Oxşar xəbərlər