ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir

ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir Martın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular öz işinə başlayıb. ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuların təşkili barədə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə 22 nəfərdən ibarət Lokal Təşkilat Komitəsi yaradılıb. Oxuların müəllifi müasir pedaqogikanın əfsanəsi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində iki dəfə mükafatçısı, psixologiya elmləri doktoru, professor, yazıçı Şalva Amonaşvilidir. Qeyd edək ki, 3 gün davam edəcək oxularda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu alim-mütəxəssisləri, gənc müəllimlər iştirak edirlər.
Plenar iclaşın açılışında Azərbaycanın Dövlət Himni və Humanist Pedaqogikanın Himni səsləndirilib.
Rektor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxularda müxtəlif xarici ölkələrdən 320 nəfər iştirak edir. Qeyd edib ki, bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Belə ciddi və nüfuzlu heyətdə beynəlxalq oxuların keçirilməsi bizim üçün çox şərəflidir. Pedaqogika elminin mahiyyətində, məzmununda insanların tərbiyə edilməsi, dərrakəli, xeyirxah, nəcib, məsuliyyətli, şərəfli olmaları dayanır. Bu işdə müəllimlər əvəzsiz rol oynayırlar. Ümummilli liderimiz Heydər Əliyev müəllim haqqında demişdir: “Məm Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Çıxışında bir müddət öncə akademik Şalva Amonaşvilinin iştirakı ilə keçirilən tədbiri xatırladan rektor vurğulayıb ki, həmin günlərdə ürəyimizdə bir sevinc hissi yaşayırdı. Biz həmin sevinc hissini bu gün yenidən yaşayırıq. Rektor çıxışının sonunda Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin rəhbərliyinə və tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb.
Plenar iclasda akademik Şalva Amonaşvili “Ailə.Uşaqlar.Həyat” mövzusunda çıxış edib. Çıxışında Azərbaycanda belə beynəlxalq bir tədbirin keçirilməsindən məmnunluq duyduğunu bildirib və buna görə Təhsil Nazirliyinin, ADPU-nun rəhbərliyinə minnətdarlıq edib. Beynəlxalq oxularda müxtəlif
ölkələrdən çoxlu sayda gənc müəllimlər iştirak edirlər. Ailə yalnız sosial kateqoriya deyil, həm də təbiət kateqoriyasıdır. Müasir dünyamız sürətlə dəyişir, yeniləşir, inkişaf edir. Çox əfsuzlar olsun ki, hazırda cəmiyyətdə tənhalıq hissinin güclənməsi müşahidə edilir. Bu, cəmiyyət üçün, bəşəriyyət üçün çox təhlükəlidir. İnsanın ailə mühiti, ailə hissləri olmadan yaşaması çətindir. Ailənin qorunub-saxlanılması olduqca vacibdir.
Çıxışını ayrı-ayrı nümunələr əsasında quran akademik Şalva Amonaşvili bildirib ki, şagirdlərin tərbiyəsi pedaqoji ustalıq, həssaslıq, yüksək mədəni səviyyə tələb edir. Humanist pedaqogikaya görə, müəllim yalnız bilikləri öyrətməklə kifayətlənmir, o şagirdlərə varlığını, ürəyinin işığını verir, onlar üçün fədakarlıqla çalışmağı özünün ali məqsədi, başlıca hədəfi bilir.
Təhsil naziri vəzifələrini müvəqqəti icra edən Ceyhun Bayramov çıxışında Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Azərbaycanda müxtəlif elmi-praktik konfranslar, seminarlar, ustad dərsləri və digər tədbirlər keçirdiyini bildirib. Beynəlxalq oxuların təhsil sahəsi üçün vacib olduğunu qeyd edən Ceyhun Bayramov ölkəmizdə ailənin, ailə tərbiyəsinin sabit, müqəddəs və vacib olduğunu vurğulayıb. Bu beynəlxalq tədbirin ADPU-da keçirilməsi universitetdə islahatların, yeniliklərin həyata keçirilməsinin mühüm göstəricilərindən biridir. Ceyhun Bayramov beynəlxalq oxuların səmərəli keçməsini arzulayıb və iştirakçılara uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək beynəlxalq oxuların çox aktual mövzuya həsr edildiyini və bu mövzuya konseptual yanaşmanın vacib olduğunu bildirib. Qeyd edib ki, ailə ümumi mənəvi birlik, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma, rəğbət, təmənnasız xidmət əsasında formalaşmalıdır. Ailə dəyərləri müqəddəs tutulmalı, ailə institutu qorunub-saxlanılmalıdır.
Tallin şəhərinin vitse-meri Vadim Belobrovçev, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov çıxış edərək humanist pedaqogikanın yüksək mədəni səviyyəli insanların formalaşmasına müsbət təsir göstərdiyini bildiriblər və beynəlxalq oxuların keçirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar.
Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi, professor Rəfiqə Əzimova “Azərbaycan ailəsinin ənənələri” mövzusunda, kimya elmləri namizədi Klara Mansurova “Xalqların bütövləşməsində ailənin rolu və əhəmiyyəti”mövzusunda, Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov “Ailə kainatın kosmik simvoniyasında əsas həyati dəyərdir” mövzusunda çıxışlar ediblər.
Sonra beynəlxalq oxular öz işini ustad dərslərində və laborator məşqlərdə davam etdirib. Ustad dərslərində və laborator məşqlərdə ailənin genetik kodu, ailə institutunun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında rolu, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, uşaqların tərbiyəsində mühitin əhəmiyyəti, qadınların ailədəki roluna baxış, ailə dialoqunda qarşılıqlı anlaşmanın rolu, ailədə yüksək mədəniyyət hissinin tərbiyəsi, müasir ailə və zamanın çağırışları, valideynliyin dərk edilməsi, valideynlərin təhsili, valideyn əməyinin qiymətləndirilməsi, ailənin mənəvi əsasları, ailə müdrikliyinin inkişafı ilə bağlı maraqlı təqdimatlar edilib, müzakirələr aparılıb.
Tədbirin ilk günündə İmanuel Kant adına Baltik Federal Universitetinin tələbələrinin ifasında “Fənərçi” tamaşası, E.İ.Mışkinin müəllifi və quruluşçu rejissoru olduğu “3-cü mərtəbə” tamaşası nümayiş etdirilib.
Beynəlxalq oxular martın 25-də yekunlaşacaq. Tədbirin sonunda mükafatlandırma mərasimi keçiriləcək, fəal iştirakçılara sertifikatlar təqdim ediləcək. Humanist Pedaqogika üzrə XVIII Beynəlxalq Oxuların mövzuları qəbul ediləcək, yeri və vaxtı müəyyənləşdiriləcək, Humanist Pedaqogikanın Himni səsləndiriləcək. Tədbir çərçivəsində iştirakçıların Azərbaycanın tarixi və mədəni yerləri ilə tanışlığı təşkil ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi



ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir
ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir
ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir
ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir
ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir
ADPU-da “Ailə insan mədəniyyətinin beşiyidir”mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxular keçirilir

Oxşar xəbərlər