Məktəblilər arasında “Gənc partizan Mixaylo” hərbi vətənpərvərlik oyunu keçirilib

Məktəblilər arasında “Gənc partizan Mixaylo” hərbi vətənpərvərlik oyunu keçirilib Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının birgə təşkilatçılığı ilə dekabrın 22-də məktəblilər arasında “Gənc partizan Mixaylo” hərbi vətənpərvərlik oyunu keçirilib.
Yarış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi, şagirdlərə vətənpərvərlik hissinin aşılanması məqsədilə təşkil olunub.
Yarışdan əvvəl səmti müəyyənetmə üzrə Azərbaycan çempionu Süleyman Əliyev, taekvondo üzrə üçqat Avropa çempionu Səbuhi İsmayılov, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə Mehdi Hüseynzadənin qəhrəmanlığından danışıblar.
Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində keçirilən səmti müəyyənetmə idman növü üzrə “Gənc partizan Mixaylo” hərbi vətənpərvərlik oyununda 150 məktəbli fərdi və komanda şəklində uzun və orta məsafə üzrə mübarizəyə qoşulub.
Oyun üçün parkda axtarış nöqtələri ilə xüsusi xəritə hazırlanıb və kompüter sistemi ilə elektron qeydlər aparılıb. Bu nöqtələrdə gənc rəssamlar molbert arxasında rəsm əsərləri çəkərək Mehdi Hüseynzadənin son məktubunun hissələrini uşaqlara paylayıblar.
Qalib gələn məktəblilərə medal və diplomlar təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər