Akademik İsa Həbibbəyli: Naxçıvan dəhlizini Azərbaycan və Türkiyənin yeni İpək Yolu adlandırmaq olar

Akademik İsa Həbibbəyli: Naxçıvan dəhlizini Azərbaycan və Türkiyənin yeni İpək Yolu adlandırmaq olar Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Qarabağın işğaldan azad olunması uğrunda başlanan Vətən müharibəsində qazanılan şanlı zəfərlə əlaqədar qardaş Türkiyənin “Yeni şafak” qəzetinə “Naxçıvan koridoru - yeni İpək Yolu” adlı geniş müsahibə verib. Müsahibə qəzetin həm çap, həm də elektron versiyasında yayımlanıb.
Akademik İsa Həbibbəyli Qarabağın yaxın tarixi, orada ermənilərin XIX əsrin əvvəllərində məskunlaşdırılması, 1923-cü ildə bolşevik hökuməti tərəfindən süni şəkildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin mahiyyəti haqqında danışıb. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbənin Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri olduğunu vurğulayıb: “Bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, qəhrəman Azərbaycan Ordusunun və xalqımızın möhtəşəm birliyinin zəfəridir”.
Akademik Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının Vətən müharibəsində bəşər tarixi üçün nümunə ola biləcək sarsılmaz bir səviyyəyə çatdığını bildirib. Üçtərəfli imzalanan Bəyanata əsasən Naxçıvana açılacaq dəhlizi Azərbaycan və Türkiyə üçün yeni İpək Yolu adlandıran İsa Həbibbəyli deyib: “Nəqliyyat dəhlizinin açılması 30 ilə yaxındır ki, ağır blokada şəraitində yaşayan Naxçıvanın bu məngənədən çıxması və daha da inkişaf etdirilməsinə şərait yaradacaq. Eyni zamanda, Naxçıvan nəqliyyat dəhlizinin yaradılması Azərbaycan-Türkiyə əlaqələri, ölkələrarası yük və sərnişin daşımaları üçün əlavə geniş imkanlar deməkdir”.
Müsahibənin sonunda akademik İsa Həbibbəyli Azərbaycan və Türkiyənin Qarabağın bərpa edilməsində birlik, bərabərlik və qarşılıqlı etimad əsasında addımlayacağına əminliyini bildirib.
“Yeni şafak” qəzeti, həmçinin Vətən müharibəsinin müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoları Türkiyə oxucularına çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər