BDU-da tədbir: Gələcəyin frankofoniyası

BDU-da tədbir: Gələcəyin frankofoniyası Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə Frankofoniya Günlərinə həsr olunmuş “Gələcəyin frankofoniyası” adlı tədbir keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Fransa və Azərbaycanın təhsil sahəsində əlaqələrindən, filologiya istiqaməti üzrə BDU ilə Fransanın nüfuzlu universitetləri arasında ikili diplom və mübadilə proqramlarının tətbiqinin zəruriliyindən, ölkəmizdə fransız dilinin tədrisinə dair görülən işlərdən, bu yöndə Alman və fransız dilləri kafedrasının həyata keçirdiyi təşəbbüslərdən danışıb.
Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Frankofoniya Günlərinin hər il bütün dünyada, fransızdilli və fransız dilinin tədris edildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunduğunu deyib. Bildirilib ki, frankofoniyanın sahibkarlıq, rəqəmsal texnologiya və davamlı inkişaf sahələrində gənclərə dəstəyini gücləndirmək üçün builki Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” adı ilə təşkil olunub.
Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva Frankofoniya Günlərinə həsr olunmuş tədbirlərin əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin fransız dilinin tədrisi və təbliği işinə töhfələr verdiyini deyib.
Alman və fransız dilləri kafedrasının müəllimi Azelma Həsənova Fransanın Sarbonna Universitetinin azərbaycanlı məzunu, Azərbaycanda ilk fransız dili müəllimi Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti haqqında məlumat verib, sonra görkəmli ədib və ictimai xadim haqqında sənədli film nümayiş olunub.
Tədbirdə Filologiya, Tarix, Biologiya, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri müxtəlif mövzularda çıxışlar edib, fransız dilində şeirlər səsləndirib, mahnı və rəqslər ifa ediblər.
Sonda Alman və fransız dilləri kafedrasına kitablar hədiyyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər