ARTPİ-də dərsliklərlə bağlı dəyirmi masa keçirildi

ARTPİ-də dərsliklərlə bağlı dəyirmi masa keçirildi 18 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) dərslik müəllifləri, Dərslikləri Qiymətləndirmə Şurasının ekspertləri və digər aidiyyəti şəxslərin iştirakı ilə “Məktəb dərslikləri (humanitar fənlər üzrə) şagird şəxsiyyətinin formalaşmasında mühüm mənbə kimi” mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin uğurla həyata keçirdiyi dərslik siyasəti ilə bağlı mülahizələrini bölüşdü və bugünkü dəyirmi masanın elmi-praktik əhəmiyyətindən bəhs etdi.
Çıxış üçün söz Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Asif Hacıyevə verildi. O, “Məktəb dərsliklərinin funksiyası” adlı təqdimatında dərliklər qarşısında qoyulmuş müasir didaktik və metodik tələblərin mahiyyətini açıqlamaqla yeni nəsil dərsliklərindən bəhs etdi. Çıxışda qeyd olundu ki, dərslik şagird üçün təlim materialının mənbəyi, məzmunu və mənimsənilmə vasitəsidir. Dərslikdə verilmiş mövzular şagirdlərin təbiət, cəmiyyət haqqındakı təsəvvürlərini genişlənməsinə imkan yaratmaqla onların dünyagörüşünü formalaşdırır. Xüsusilə hümanitar fənn dərslikləri gənc nəslin milli-mənəvi dəyərlər, dövlətə sədaqət, tarixi keçmişimizə sevgi, ana dilinə qayğıkeşlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Bu aspektdə yanaşdıqda yeni nəsil dərsliklərinin ənənəvi dərsliklərdən istər məzmun, istərsə struktur, istərsə də metodik aparatura baxımından xeyli fərqləndiyi nəzərə çarpdırıldı və gələcək nəşrlərdə onların təkmilləşdirilməsi ilə bağlı müəyyən təkliflərini söylədi.


ARTPİ-də dərsliklərlə bağlı dəyirmi masa keçirildi

Tədbirdə iştirak edən dərslik müəllifləri, metodist alimlər, dərslikləri qiymətləndirmə ekspertləri, qabaqçıl fənn müəllimləri də problemlə bağlı öz fikirlərini söylədilər. Fikir mübadiləsi şəklində keçirilən dəyirmi masanın başlıca məqsədi məktəb dərsliklərinin təhlilini elmi-pedaqoji müstəviyə gətirməklə,onlarda şəxsiyyətyönlülük ruhunu artırmaq və daha obyektiv dəyərləndiriləməyə nail olmaq , bu işə sistemli yanaşılmasını təmin etmək idi. Sonda belə qərara gəlindi ki, məktəb dərsliklərinin daha geniş müzakirəsini təşkil etmək üçün respublika səviyyəli elmi seminarların təşkilinə böyük ehtiyac vardır.


Azərbaycan Respublikasının
Təhsil Problemləri İnstitutu

Oxşar xəbərlər