Azərbaycandakı vulkanların 60 faizi aktivdir

Azərbaycandakı vulkanların 60 faizi aktivdir Azərbaycandakı vulkanların 60 faizi aktivdir.

Bunu Tehsil-press.az-a AMEA-nın Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Azərbaycanda vulkanlarının sayının çox olduğunu deyən A.Əliyev qeyd edib ki, həm Şərqi Azərbaycan ərazisində, həm də Cənubi Xəzərin akvatoriyasında 350-dən çox palçıq vulkanı var: "Palçıq vulkanlarının 60 faizi aktivdir. Lakin bu aktivlik püskürmənin aktiv olması ilə bağlı deyil. Bu vulkanlar püskürməsə də, Yer səthinə daim qaz, palçıq, lehmə, minerallaşmış su çıxarırlar. Ancaq bəzi vulkanlar vaxtaşırı püskürürlər".
Azərbaycanda vulkanların daha çox Qobustanda yerləşdiyini, burada 100-dən çox palçıq vulkanının olduğunu deyən A.Əliyev qeyd edib ki, hər il Azərbaycanda, xüsusilə Cənubi Qobustanda 2-5 püskürmə hadisəsi baş verir.
Alimin sözlərinə görə, keçmişdə elə illər olub ki, il ərzində hətta 10-dan çox püskürmə baş verib.
A.Əliyev deyib ki, bu püskürmələr seysmik hadisələrlə - zəlzələlərlə əlaqədardır: "Güclü zəlzələnin baş verməsi vulkanın püskürməsi üçün bir təkan olur. Amma əgər vulkan enerjini toplayıb uzun müddət sakit dövr keçiribsə və püskürməyə hazırdırsa, onda vulkana yaxın olan yerdə zəlzələnin baş verməsi vulkanın püskürməsi üçün bir təkan olur".
Onun sözlərinə görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsində ötən gün püskürən “Otman bozdağ” vulkanı artıq sakitləşib.
Hazırda bu vulkanın püskürmə ehtimalının olmadığını deyən alim qeyd edib ki, vulkan artıq enerjisini çıxardaraq boşalıb:
““Otman buzdağ” vulkanında püskürmə 2 fazada olub. Zəlzələ kimi vulkanın püskürəcəyi haqqında əvvəlcədən dəqiq məlumat söyləmək olmaz. Vulkan püskürməsinin və zəlzələnin nə vaxt olacağını heç bir mütəxəssis deyə bilməz. Hər püskürmə də eyni formada olmur. Birində qaz çıxır, qaz alovlanır, digərində böyük həcmdə palçıq tullanır".

Tehsil-press.az

Oxşar xəbərlər