“Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma-yazı müsabiqəsi

“Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma-yazı müsabiqəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsi elan edir.
Cümhuriyyətin 100 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi haqqında dövlət başçımızın Sərəncamını əsas alaraq təşkil edilən bu müsabiqə Cümhuriyyətin quruluşunda rolu olan qadınların həyat və fəaliyyətini işıqlandırmaq, eyni zamanda hələ də araşdırılmamış arxiv materialları əsasında onları tanıtmaq məqsədi daşıyır.
Təqdim ediləcək yazılar aşağıdakı mövzuları əhatə etməlidir:
Cümhuriyyətə qədərki yaxın dövrdə Azərbaycan qadınlarının fəaliyyəti:
Qız məktəbləri
Qadın xeyriyyə cəmiyyətləri
Qadın mətbuatı (“İşıq” qəzeti və qəzetin ətrafındakı ziyalı qadınlar)
Cümhuriyyət dövrü:
Konkret faktlar əsasında ictimai fəaliyyətdə, dövlət müəssisələrində, siyasət təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində aktiv qadınlar
Cümhuriyyətin süqutundan sonra:
Repressiya dövründə təqiblərə, həbslərə, sürgünlərə məruz qalan Azərbaycan qadınlarının həyat və fəaliyyəti
Müsabiqəyə təqdim edilən yazılar əvvəllər eynilə heç bir yerdə nəşr edilməməlidir.
Araşdırma-yazılar Microsoft Word proqramında yığılmalı, 14 ölçülü Times New Roman şrifti ilə, 3-5 A4 səhifəsi həcmində olmalıdır.
Yazıdan əlavə, özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini də təqdim etmələri müəlliflərdən tələb olunur (CV).
Yazıların münsiflər heyəti tərəfindən qiymətləndirilməsi tam anonim şəkildə aparılacaq və ilk 3 yeri tutanlar AQUPDK və “İşıq-qadın” jurnalının təsisçisi MİMTA Fondu tərəfindən pul mükafatı ilə mükafatlandırılacaqdır. Bundan əlavə, müsabiqəyə qəbulu təsdiq edilən bütün yazıların müəlliflərinə müvafiq hədiyyələr təqdim ediləcəkdir.
Yazıların son təqdim edilmə tarixi: 31 Dekabr 2017-ci il.
Yazılarınızı [email protected] e-ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrələri: +99412 433 22 96/97, +99450 722 33 34




Oxşar xəbərlər